17/07/2019 11:15
728 x 90

Bütün rayonlarda bağça uşaqlarına eyni rasion qidalar vermək yanlış imiş…

“… elə ardıcıllıq qurulmalıdır ki, uşaqlar lazımi kalorini ala bilsinlər”

img

Bü gün uşaq bağçalarında uşaqların qidalanması üçün eyni qida verilir. Ölkənin bütün bağçalarında körpələrin qidalanması üçün standart menyu təyin olunub. Artıq neçə ildir bu qayda davam edir. Ancaq bildirilir ki, ölkənin bütün regionlarında uşaq bağçalarına eyni qida verilməməlidir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli media nümayəndələrinə açıqlamasında bildirib ki, respublika ərazisində 1600 uşaq bağçası fəaliyyət göstərir, qurum tərəfindən seçim yolu ilə 400 belə bağçada monitorinq aparılması planlaşdırılıb: "Məqsəd böyüməkdə olan nəsli sağlam qida ilə təmin etməkdir. Artıq Səhiyyə Nazirliyi tərəfindən qidalanma rasionu işlənib hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub. Yəqin ki, bu sənəd təsdiqini tapacaq. Sənəd təsdiqləndikdən sonra onun bağçalarda tətbiqinə başlanacaq.

Azərbaycanın bütün regionlarında bağçalara eyni qidanın verilməsi düzgün deyil. Çünki bəzi regionlarda yod çatışmazlığı, bəzilərində isə dəmir çatışmazlığı var. Dəmir çatışmazlığı əsasən qız uşaqlarında müşahidə edilir. Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, 2017-ci ildə Azərbaycanda qadınlar arasında dəmir defisitli anemiya 44 faiz təşkil edib".

Ekspertlər də hesab edir ki, uşaq bağçalarının hər birinə eyni qida verilməməlidir. Çünki hər bölgənin özünəməxsus vitamin çatışmazlığı olduğu üçün, bağçalarda uşaqlara verilən təamlara nəzarət etmək lazımdır.

  • Aynur Hüseynova: “Elə yer var, orada yod, başqa bir ərazidə dəmir çatışmazlığı yaşanır, bütün bunlar nəzərə alınaraq bölgələr üzrə xüsusi menyu təyin olunmalıdır”

Pediatr Aynur Hüseynova bizimlə söhbətində qeyd etdi ki, məktəbəqədər təhsil müəssisələrinin ərzaq təminatı ilə bağlı müəyyən problemlər mövcuddur: “Bu günə qədər 1994-cü ilin 9 martında Nazirlər Kabinetinin təhsil ocaqlarında qida rasionunun müəyyənləşdirilməsi ilə bağlı qərarı olub. Həmin qərara 2012-ci ildə dəyişiklik edilib. Orada da müəyyən olundu ki, yaşa görə kalori qərarlaşdırılsın. Uşaqların qidalanması yaş kateqoriyasına görə fərqlənir. Uşaq evi, körpələr evi - bunlar tamam fərqli yaş qruplarına aid uşaqları özündə birləşdirir. Hər bir uşağın yaş kateqoriyasına görə qida rasionu var”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, bağçalarda uşaqlara verilən meyvə, şirə, çörək, ət, tərəvəz, süd və s. məhsullar üzrə normalar artırılmalıdır. Bundan başqa, menyuda əti əvəz edən məhsullar, məsələn, lobya, mərci və s. də olmalıdır. Eyni zamanda, menyu yeknəsəq olmamalı, elə ardıcıllıq qurulmalıdır ki, uşaqlar lazımi kalorini ala bilsinlər. Elə yer var, orada yod, başqa bir ərazidə dəmir çatışmazlığı yaşanır. Bütün bunlar nəzərə alınaraq bölgələr üzrə xüsusi menyu təyin olunmalıdır”.

Həmsöhbətimiz onu da vurğuladı ki, uşaqların sağlam qida ilə təmin olunması vacibdir. Onlara kimyəvi qatqılarla zəngin olan təamlar deyil, təbii tərkibli qidalar verilməlidir.

Günel CƏLİLOVA

Son xəbərlər