Warning: opendir(/home/sites/bakixeber/cache/): failed to open dir: No such file or directory in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Baki Xeber - News
17/07/2019 11:20
728 x 90

İnsanlar arasında “sidik müalicəsi” dəhşəti...

Rafis Bağırov: “Sidik müalicəsinin heç bir tibbi əsası yoxdur”

img

“Sidiklə müalicə söhbətini Moloxov ortaya atıb”
Ülvi İbrahimov isə “Mədə-bağırsaqda hər hansı ciddi problem varsa, urinoterapiya zamanı vəziyyəti daha da ağırlaşdıra, zəhərlənməyə gətirib çıxara, hətta ölüm hadisələri də baş verə bilər” deyir

 

Son zamanlar həm efirlər, həm də sosial şəbəkələrdə müxtəlif müalicə üsulları təbliğ olunur. Bu metodları gündəmə gətirənlər hesab edirlər ki, bütün xəstəliklərin müalicəsi yalnız o vasitələrlə mümkündür. Urinoterapiya (sidiklə müalicə üsulu) da bunlardan biridir. Sidiklə müalicə üsulundan istifadə edənlər qeyd edirlər ki, 10 yaşadək uşaqların sidiyi bir sıra dərdlərə “dərmandır”.

Məlumat üçün bildirək ki, qədim dövrlərdə sidiklə müalicə üsulu geniş yayılıb. Hətta bəzi tarixçilər yazırlar ki, faşist lideri Adolf Hitlerin ana babası da mütəmadi olaraq sidik müalicəsi qəbul edib. Onun əsasən azyaşlı qız uşaqlarının sidiyini içdiyi barədə yazılır.

Tibbi cəhətdən sidiklə müalicə üsulundan istifadə nə dərəcədə doğrudur? Sidiklə hansı xəstəlikləri müalicə etmək mümkündür?

Tanınmış həkim-terapevt Rafis Bağırov “Bakı-Xəbər”ə bildirdi ki, ümumiyyətlə, sidiklə müalicə metodu absurd bir şeydir və indiyə qədər heç bir mütəxəssis sidiyin müalicəvi xüsusiyyətini sübut edə bilməyib. “Sidiklə müalicə, ümumiyyətlə, mənasız bir şeydir. Sidik müalicəsinin heç bir tibbi əsası yoxdur. Bizim insanlarda qəribə bir xüsusiyyət var, belə əhəmiyyətsiz məsələlərə inanırlar. Elə insanlar var ki, onların sinir sistemi normal fəaliyyət göstərmədiyindən, onlar belə ekstrovaqant şeylərdən özləri üçün möcüzə gözləyirlər, sidiklə müalicə üsuluna inanırlar. Sidiklə və digər vasitələrlə müalicə üsullarından istifadə edən müəyyən həkimlər də var. Bu həkimlər sidiklə müalicə etməkdə maraqlı olan kontingentə hesablanmış addımlar atırlar. Əslində, sidiklə müalicə söhbətini Moloxov atmışdı ortaya. Mən onun kitabını götürüb bir neçə səhifə vərəqlədim ki, görüm sidiklə müalicənin əhəmiyyətini nə ilə sübut edir. Baxıb gördüm ki, onun kitabında bir dənə də olsun sübut yoxdur. Hamısı yalançı effektə hesablanmış fikirlərdir. Məsələn, filan xəstəliyin müalicəsi üçün 10 yaşında uşağın, məsələn, saat 12-də ifraz etdiyi sidiyi əhəmiyyətlidir. Adamdan soruşarlar ki, 10 yaşlı uşağın saat 12-də ifraz etdiyi sidiyin nə təsiri ola bilər? İnsanın gün ərzində qəbul etdiyi qida məhsullarının insan orqanizmini saxlayan, yaşadan, inkişaf etdirən xeyirli tərəfi bədənə sərf olunur, zərərli tərəfi, tullantı isə sidik yolu və bağırsaqla xaric olunur. Bağırsaq və sidiklə ifraz olunan, tullantı hesab edilən bir şeydən nə kimi müalicə üsulu kimi istifadə etmək olar? Tullanan şeylərin hamısı zərərdir. Sidiyin müalicəvi əhəmiyyətini təbliğ etmək absurddur. Mənasız şeylərə insanlar çox inanırlar, onlar sidikdən möcüzə gözləyirlər. Təkcə sidik deyil, başqa vasitələrdən də möcüzə gözləyənlər var. Məsələn, bir vaxt deyirdilər ki, ağ neftin müalicəvi əhəmiyyəti var və insanlar ağ nefti alıb bir qaşıq içirdilər. Sonra qara zirəyə, pereksə, kartof suyuna, balqabaq suyuna keçdilər. Təəssüf ki, bizim insanlar həyati təsiri olmayan vasitələrdə möcüzə axtarırlar” - deyə R.Bağırov qeyd etdi.  

Qeyd edək ki, sidiklə müalicə üsulu ilə bağlı gündəmə gətirilən söhbətlər digər ekspertlər tərəfindən də normal qarşılanmır. Qastroenteroloq-hepatoloq-endoskopist Dr. Ülvi İbrahimov mətbuata açıqlamasında bildirib ki, tibbin inkişaf etdiyi bir dövrdə sidik yolu ilə müalicə üsuluna ehtiyac yoxdur: “Bunun qəti əleyhinəyəm, tibbi nöqteyi-nəzərdən heç bir sübutu yoxdur. Bu mövzuda genişmiqyaslı elmi araşdırmalar aparılmayıb. Əldə olunan nəticələr yetərli deyil, tibbi nöqteyi-nəzərdən heç bir sübutu və dəqiqliyi yoxdur. Urinoterapiya digər ölkələrdə var, xüsusilə Hindistanda daha çox istifadə edilir. Lakin bu, mübahisəli məsələdir. Sidiklə müalicəni hər insan istifadə edə bilməz, mədə-bağırsağın vəziyyətindən asılıdır. Mədə-bağırsaqda hər hansı ciddi problem varsa, urinoterapiya zamanı vəziyyəti daha da ağırlaşdıra, zəhərlənməyə gətirib çıxara, hətta ölüm hadisələri də baş verə bilər. Bu dərəcədə ağır fəsadları ola bilər. Odur ki, məsələyə ciddi yanaşmaq lazımdır” - deyə mütəxəssis qeyd edib.

İradə SARIYEVA

Son xəbərlər