“Son zamanlar əhalinin maddi durumunun yüksəlməsi üçün sosialyönümlü layihələr həyata keçirilərək, əhalinin vəziyyəti daha da yaxşılaşır”
“Bizim gəlirlərimiz artır. Bu ilin altı ayında gəlirlərimiz təxminən 400 milyon manatdan çox artmışdır. Biz, ilk növbədə, bu vəsaiti sosial layihələrə istiqamətləndiririk. Bildiyiniz kimi, bu il çox ciddi sosial paket təsdiqləndi, müavinətlər, o cümlədən məcburi köçkünlər üçün nəzərdə tutulan müavinətlər 50 faiz artırıldı”. Bunu Prezident İlham Əliyev Pirallahı rayonunda 306 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksinin istifadəyə verilməsi zamanı məcburi köçkünlərlə görüşü zamanı deyib. Son 6 ayda əhalinin sosial durumunun yüksəlməsi məqsədilə Prezident tərəfindən bir neçə dəfə sərəncam və fərmanlar imzalanıb. Cari ilin 6 ayında ölkə iqtisadiyyatına daxil olan gəlir artıb. Artan gəlirlər əhalinin sosial durumunun inkişafına yönəlib. Bu səbəbdən də son zamanlar ölkə başçısı əhalinin yaşam şəraitinin yaxşılaşması üçün sosial paketi təsdiq edib. Millət vəkili Rüfət Quliyev bildirdi ki, son zamanlar əhalinin maddi durumunun yüksəlməsi üçün sosial yönümlü layihələr həyata keçirilərək, əhalinin vəziyyəti daha da yaxşılaşır: “Məlumdur ki, bu ilin əvvəlindən sosial layihələrə üstünlük verilib. Sosial layihələrə ilin əvvəlindən bu vaxta qədər təxminən müəyyən məbləğdə vəsait xərclənib. Digər problemli məsələlər, bank sisteminin sağlamlaşdırılması və s. yavaş-yavaş öz həllini tapır, çox ciddi siyasi islahatlar həyata keçirilir”. Millət vəkili onu da vurğuladı ki, sosial layihələrin həyata keçirilməsində əsas məqsədlərdən biri də neftdən gələn gəlirlərin insan kapitalına yönəldilməsi sayəsində həyat səviyyəsini daha da yaxşılaşdırmaq, beynəlxalq aləmdə Azərbaycanın imicini qaldırmaq və iqtisadiyyatımızda çox ciddi irəliləyişə nail olmaqdır.
Günel CƏLİLOVA