“Uzaq kənd yerlərində zorakılığa məruz qalan qadınlar yerli icra hakimiyyətlərində fəaliyyət göstərən qadın şöbələrinə gedə bilmədiyi üçün bələdiyyələrin nəzdində xüsusi sığınacaq yaradılmalıdır”
Məişət zorakılığından əziyyət çəkən qadınlar üçün müxtəlif təşkilatların və ya dövlət qurumlarının nəzdində sığınacaq yaradılıb. Həmin sığınacaqlara sığınanlar məişət zorakılığının qurbanlarıdır. Bu günlərdə bələdiyyələrdə məişət zorakılığından zərər çəkmiş qadınlara ödənişsiz psixoloji və hüquqi yardım göstərilməsi üçün xüsusi şöbənin təşkil olunması da təklif olunub. Bu barədə Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu media nümayəndələrinə açıqlamasında deyib. O qeyd edib ki, bir neçə il əvvəl Azərbaycanda “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun qəbul edilib: “Biz buna görə bələdiyyələrdə otaqların ayrılmasını təklif edirik. Qadınlar öz problemləri, o cümlədən onların ailədə sıxışdırılması halları ilə əlaqədar həmin şöbələrə müraciət edə bilərlər”. N.Cəfəroğlu qeyd edib ki, bələdiyyə orqanları bu yolla çətinliklərlə üzləşən qadınlara psixoloji, tibbi, hüquqi xarakterli problemlərin həllində kömək edə bilər.
Bələdiyyələrin nəzdində məişət zorakılığından əziyyət çəkən qadınlar üçün sığınacaq otaqlarının yaradılmasını ekspertlər tərəfindən müsbət qarşılanır. “Vəfa” Sosial İctimai Problemlərə Dəstək İctimai Birliyinin rəhbəri Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bələdiyyələrin nəzdində məişət zorakılığından əziyyət çəkən qadınlar üçün xüsusi şöbənin yaradılması təqdirəlayiq haldır: “Nəzərə almaq lazımdır ki, uzaq kənd yerlərində yaxınları tərəfindən zorakılığa məruz qalan qadın yerli icra hakimiyyətlərində fəaliyyət göstərən qadın şöbələrinə gedə bilmir. Bu səbəbdən də hər bir rayon bələdiyyəsində qadınlar üçün xüsusi sığınacaq mərkəzi yaradılması daha yaxşı olar”. F.Hacıbəyli onu da vurğuladı ki, sığınacağın məqsədi təhlükəsizlikdir. Bu, ailələrdə ölümlərin sayını azaldacaq. Sığınacaq reabilitasiyadır. Psixoloji, tibbi və hüququi yardım deməkdir. Bu səbəbdən də bələdiyyələrin nəzdində zorakılığa məruz qalan qadınlar üçün xüsusi şöbələrin yaradılması daha məqsədəuyğundur”.
Günel CƏLİLOVA