İyulun 4-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə istedadlı jurnalist Zabil Müqabiloğlunun xatirəsinə həsr olunmuş konfrans keçirilib. Mərhum jurnalistlə bağlı “Son zəng” kitabının da təqdim olunduğu toplantıda qələm sahibinin əzizləri, dostları və həmkarları iştirak edib.
Toplantıda çıxış edən MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Z.Müqabiloğlunu özünə xas yaradıcılıq üslubu olan jurnalist kimi xarakterizə edən cəhətlərdən söz açıb. Ə.Amaşov bildirib ki, ölkənin bir sıra aparıcı kütləvi informasiya vasitələrində çalışmış Z.Müqabiloğlu özünün zəhmətkeşliyi ilə yanaşı, həm də vətənpərvərliyi ilə nümunə olub. “Mərhum həmkarımız Vətən, torpaq nisgilini də qəlbində daşıyan biri idi. Bu cəhət onun yaradıcılığına da təsir göstərirdi. Zabil həm də ictimai-siyasi proseslərə məxsusi yanaşma tərzi ilə seçilirdi. Əlbəttə, dostlarının, həmkarlarının nəzərində o, qayğıkeş, səmimi biri idi. Zabilin yoxluğu həqiqətən böyük itkidir. ”- deyə deputat əlavə edib.
Çıxış edənlər Z.Müqabiloğluna həsr olunmuş kitabın ərsəyə gəlməsini yüksək qiymətləndirək, bu qədirbilənliyi jurnalistin ruhuna ehtiram nümunəsi kimi dəyərləndirib, jurnalistin həyat yolu ilə bağlı fikirlərini, xoş xatirələrini bölüşüblər.
Qeyd edək ki, Zabil Müqabiloğlu 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olub. 2017-ci il fevralın 26-da dünyasını dəyişib.