Nəsimi rayonunda vətəndaşların səyyar qəbuluna mühüm əhəmiyyət verilir.
Rayon İcra Hakimiyyətindən “Bakı Xəbər”ə verilən məlumata görə, yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həlli, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlərin görülməsi daim Nəsimi Rayon İcra Hakimiyyətinin diqqətindədir. Rayonda bu ilin iyun ayı ərzində 4 səyyar qəbul keçirilib, 600-dən artıq sakinin iştirak etdiyi qəbullarda 36 müraciət dinlənib, qaldırılan məsələlərin əksəriyyəti həllini tapıb, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyəti idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilib, həlli mümkün olmayan məsələlərlə bağlı vətəndaşlarla geniş izahat işi aparılıb. Vətəndaşların müraciətləri əsasən mənzil şəraitinin yaxşılaşdırılması, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin, köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi, həyətlərin abadlaşdırılması, dam örtüklərinin təmiri, aztəminatlı ailələrə yardımların göstərilməsi və s. məsələlərlə bağlı olub. Görüşlərdə Nəsimi RİH başçısı Asif Əsgərov qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən qəbul edilən əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar, o cümlədən minimum əməkhaqlarının və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılması, bəzi çoxmənzilli binalarda mənzillərin sənədləşdirilməsi və müavinətlərin artırılması ilə bağlı həyata keçirilən tədbirlər əhalinin sosial müdafiəsi istiqamətində görülən işlərin bariz nümunəsidir.
Səyyar qəbullarda iştirak edən sakinlər vətəndaşların yerlərdə qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Baki-xeber.com