Tarixən mövcud olan miqrasiya prosesi çağdaş dövrdə daha çox aktualdır və qlobal sosial proseslərə ciddi nüfuz etməkdədir. Beynəlxalq münasibətlər sistemində miqrasiya prosesi və etnik yerdəyişmələr ən problemli, həssas məsələ kimi gündəmdədir.
Son zamanlar Azərbaycana miqrant kimi gələn əcnəbilərin sayı artır. Açıqlanan statistik rəqəmlərə əsasən, son bir ildə Azərbaycana qaçqım kimi gələnlərin sayı çoxalıb. Bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin xarici əlaqələr üzrə müşaviri Elsevər Ağayev media nümayəndələrinə açıqlamasında deyib. O qeyd edib ki, ümumilikdə, 1096 qaçqın qeydiyyata alınıb: “Azərbaycanda sığınacaq axtaran 848 əcnəbi ilə birlikdə sözügedən təşkilatın mandatı altında gələnlərin ümumi sayı 1944 nəfər təşkil edir. Onlardan 401-i Rusiya (çeçenlər üstünlük təşkil edir), 1206-sı Əfqanıstan, 118-i Pakistan, 70-i İran, 43-ü Suriya və 106-sı digər ölkələrin vətəndaşlarıdır.
Hazırda Rusiyanın 377 vətəndaşı (çeçenlər) Azərbaycan ərazisində qaçqın statusu ilə yaşayır. Onların sayı ildən-ilə azalır. 2014-cü ildə Azərbaycanda Çeçenistandan 586 qaçqın var idi.
Qaçqın kimi tanınan Əfqanıstan vətəndaşlarının sayı 614 nəfərdir (2014-cü ildə bu ölkədən 786 qaçqın olub). Bundan başqa, 46 iranlı (2014-cü ildə 93 nəfər), 15 pakistanlı (137 nəfər), 15 suriyalı (14 nəfər), bir türk (0) və digər ölkələrdən olan qaçqın statuslu 13 nəfər (73 nəfər) var.
Cari il Azərbaycanda sığınacaq axtaran Rusiya vətəndaşlarının sayı 24 nəfərə (2014-cü ildə 25 nəfər), Əfqanıstan - 592 nəfər (179 nəfər), İran - 24 nəfər (13 nəfər), Pakistan - 103 nəfər (131 nəfər), Suriya - 28 nəfər (doqquz nəfər), Türkiyə vətəndaşlarının sayı 23 nəfərə (0), digər ölkələrin vətəndaşları isə 54 nəfərə (34 nəfər) çatıb”.
Son bir il ərzində Azərbaycana qaçqın kimi gələn əfqanların sayı artıb. Statistik rəqəmlərdə də qeyd olunur ki, 2019-cu il iyun ayına olan vəziyyətə görə, təqribən 600 Əfqanıstan vətəndaşı Azərbaycandan sığınacaq istəyib.
Azər Allahverənov: “Əfqanıstanda aparılan hərbi əməliyyatlar vətəndaşları yaxşı həyat axtarışı naminə öz ölkələrinin hüdudlarını tərk etməyə məcbur edir”
Azərbaycandan sığınacaq almaq istəyən əfqanların sayının artması barədə fikir bildirən miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov qeyd etdi ki, son zamanlar ölkəyə qaçqın kimi gələn əfqanların sayı artmaqda davam edir: “Nəzərə almaq lazımdır ki, Əfqanıstanda aparılan hərbi əməliyyatlar vətəndaşları yaxşı həyat axtarışı naminə öz ölkələrinin hüdudlarını tərk etməyə məcbur edir. 600 nəfər artıq həyəcan siqnalıdır”.
Ekspertin sözlərinə görə, son 25 ildə Azərbaycana xeyli sayda əfqan gəlib: “Onların əksəriyyəti BMT QAK-ın köməyi ilə üçüncü ölkələrə keçib. Xoşbəxtlikdən İranın Əfqanıstanla sərhədi var və bu, müəyyən səbəblərə görə qaçqınları öz ərazisində saxlayan təbii blok-postdur”.
A.Allahverənov onu da bildirdi ki, Əfqanıstandan qaçqın axınının artması hakimiyyət və taliblər arasında münaqişənin eskalasiyasından asılı olacaq.
Günel CƏLİLOVA