Xəbər verildiyi kimi, icbari qaydada sığortalanmaya nəzarət gücləndiriləcək, daşınar və daşınmaz əmlakı icbari qaydada sığorta etdirməyənlər inzibati məsuliyyətə cəlb ediləcəklər. Bu, Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənmiş “Sığorta sektorunun inkişafına dair 2019-2021-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb.
Sənədə əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatası, Daxili İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Gömrük Komitəsi, Fövqəladə Hallar Nazirliyi və yerli icra hakimiyyəti orqanları 2019-2020-ci illərdə İnzibati Xətalar Məcəlləsinə əsasən icbari qaydada sığorta müqaviləsi bağlamayan şəxslərin inzibati məsuliyyətə cəlb edilməsini təmin etməlidir.
Daşınar və daşınmaz əmlakını icbari qaydada sığorta etdirməyənlərin məsuliyyətə necə cəlb olunacağını və bu sahəyə nəzarətin hansı şəkildə tətbiq ediləcəyini öyrənmək məqsədilə mütəxəssislərə müraciət etdik.
Xəyal Məmmədxanlı: “Fiziki şəxslərin əmlakının sığorta olunması müvafiq yerli icra hakimiyyəti orqanına tapşırılsa da, bu sahəyə diqqət göstərmirlər”
Sığorta sahəsi üzrə ekspert Xəyal Məmmədxanlı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, daşınmaz əmlak məcburi qaydada sığortalanmalıdır. Daşınmaz əmlak sığortalanmadığı halda, İnzibati Xətalar Məcəlləsinə əsasən müəyyən məbləğdə cərimələr nəzərdə tutulur: “Sadəcə, qeyd olunan qanunun icra mexanizmində çox ciddi xətalar var. Hüquqi şəxslərin əmlakının sığortası Fövqəladə Hallar Nazirliyinə tapşırılıb. Onlar bu sahəyə nəzarət edirlər, bu səbəbdən də hüquqi şəxslərin əmlakının sığortası var. Fiziki şəxslərin əmlakının sığortası isə yoxdur. Əmlakın alqı-satqısı zamanı məcburi şəkildə əmlak sığorta olunmalıdır. Bu səbəbdən də bəzi şəxslər çarəsizlikdən əmlakını sığortalayır. Fiziki şəxslərin 90 faizinin əmlakının sığortası yoxdur. Fiziki şəxslərin əmlakının sığorta olunması müvafiq yerli icra hakimiyyəti orqanına tapşırılıb. Təəssüf ki, yerli icra hakimiyyəti orqanları da əmlakın sığorta olunması məsələsinə nəzarət etmirlər”.
Həmsöhbətimiz onu da vurğuladı ki, daşınmaz əmlakın sığorta olunması məsələsi ilə bağlı qanun və cərimə olsa da, bu sahəyə nəzarət yetərincə deyil. Bu səbəbdən “Sığorta sektorunun inkişafına dair 2019–2021-ci illər üçün Tədbirlər Planı”nda nəzərə alınıb ki, bu sahəyə diqqət edib əmlakı sığorta etdirsinlər.
Günel CƏLİLOVA