Bakıətrafı bəzi qəsəbələrdə, eləcə də rayonların bir çox kəndində plastik qablarda benzin doldurub satılması halına tez-tez rast gəlmək olur. Danılmaz faktdır ki, yol kənarında satılan benzin saatlara günəş şüalarının altında qalır. Həmin mayenin saatlarla günəş şüasının altında qalması, üstəlik, plastik qablarda olması onun təhlükəsizliyini sual altında qoyur.
Nəzərə almaq lazımdır ki, bu plastik qablarda satılan benzin daha çox yanacaqdoldurma məntəqələrinin olmadığı yerlərdə satılır. Təbii ki, həmin ərazidən keçən sürücünün yanacağa ehtiyacı varsa, o, çarəsizlikdən plastik qabda satılan benzini alıb avtomobilinə tökəcək.
Eyyub Hüseynov: “Bölgələrimizdə benzinin plastik qablara tökülərək satılması hallarına hələ də rast gəlinir”
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd etdi ki, benzin mütəmadi olaraq təmizlənən xüsusi çənlərdə saxlanılmalıdır. Onun saxlanılma şəraitinə və satışı zamanı xüsusi nəzarət həyata keçirilməlidir: “Plastik qablara benzin doldurub satılması olduqca təhlükəli tendensiyadır. Nəzərə almaq lazımdır ki, plastik qabın özü başdan-ayağa təhlükəli, zəhərli, tez alışmağa qadir, partlayışa meylli kimyəvi maddələrlə doludur. Bu mənada plastik qablara benzin doldurub satmaq təhlükəli olmaqla yanaşı, həm də qanunsuzdur. Hər bir ərazidə yanacaqdoldurma məntəqələri olduğundan, benzinin plastik qablarda satılması, ümumiyyətlə, yolverilməzdir”.
Həmsöhbətimizin sözlərinə görə, plastik qablarda satılan benzindən istifadə edilməsi avtomobil hissələrinin tez sıradan çıxmasına gətirib çıxarır: “Plastik butulkalar ətraf mühitin çirkləndirilməsində mənfi rol oynayır. Bölgələrimizdə benzinin plastik qablara tökülərək satılması hallarına hələ də rast gəlinir. Benzin isə kifayət qədər kimyəvi aktivli maddədir. Bu özünü xüsusən də isti yay aylarında göstərir. Plastik qabların tərkibindəki kimyəvi maddələr benzinə də keçir. Nəticədə həmin benzindən istifadə edən avtomobillərin yanacaq sistemində, mühərrikində problem yarana bilər. Xüsusilə də isti havalarda həmin qablardakı benzinin keyfiyyəti aşağı düşdüyündən, ondan istifadə edildikdə avtomobilin bəzi detallarının sıradan çıxması da gözləniləndir. Ona görə də sürücülər, heç bir halda, plastik qablarda satılan benzini almamalı, saxlanılma şəraitinə və keyfiyyətinə nəzarət edilən benzin almalıdırlar”.
Günel CƏLİLOVA