Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə Vəkillər Kollegiyası arasında Anlaşma Memorandumu imzalanıb.
Vəkillər Kollegiyanın digər dövlət qurumları ilə qarşılıqlı əməkdaşlığının qurulması çərçivəsində iyunun 28-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında hər iki qurumun rəhbər vəzifəli şəxslərinin iştirakı ilə korrupsiya ilə mübarizə sahəsində qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Tədbiri giriş sözü ilə açan Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Vəkillər Kollegiyasının vəkillərin xidməti fəaliyyəti ilə əlaqədar onlara məlum olan korrupsiya hüquqpozmaları barədə məlumatlarının təxirə salınmadan prokurorluq orqanlarına verilməsinə dair razılığın memoranduma daxil edilməsini cinayətkarlığın bu təhlükəli təzahürünə qarşı mübarizədə önəmli töhfə olacağını qeyd edib.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxış edərək bildirib ki, ölkəmizdə vəkillik sahəsində aparılan mütərəqqi islahatlar nəticəsində ölkədə vəkillərin sayı əhəmiyyətli dərədəcə artıb, hazırda Bakı və Azərbaycanın regionlarında 1500 nəfərdən çox vəkil xidməti fəaliyyət göstərir. Kollegiyanın öz işini müasir dövrün tələblərinə uyğun qurduğunu tədbir iştirakçılarının diqqətinə çatdıran A.Bağırov dövlətin vəkilliyin inkişafına böyük diqqət ayırdığını bildirib.
Belə ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 22.02.2018-ci il tarixli Sərəncamında Vəkillər Kollegiyasına fəaliyyətində şəffaflığın artırılması tövsiyə edilib.
Eyni zamanda, Anar Bağırov “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019-cu il tarixli Fərmanda Vəkillər Kollegiyasına verilmiş tövsiyələr çərçivəsində bu Memorandumun imzalanmasının, hər iki qurum arasında səmərəli əməkdaşlıq münasibətlərinin qurulmasının mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıb.
Qeyd olunub ki, əməkdaşlıq münasibətlərinin qurulmasının başlıca qayəsini vətəndaşlarımızın hüquq və azadlıqlarının səmərəli müdafiəsi təşkil edir ki, Memorandumun imzalanması son nəticədə məhz bu məqsədə xidmət edir.