Son illər sosial təminatın daha da yaxşılaşdırılması üçün sistemli tədbirlər görülür. Bu il ərzində əməkhaqları, pensiyalar, əlilliyə, işsizliyə, ailə başçısının itirilməsinə görə verilən müavinətlər, ödənişlər faizlərlə deyil, dəfələrlə artıb.
Hələ cari ilin əvvəlində Prezident İlham Əliyev bəyan etdi ki, 2019-cu il Azərbaycanın yeni tarixinə sosial tədbirlər dövrü kimi düşəcək. İlin ilk rübündə, demək olar, bütün sahələrdə əməkhaqları, eləcə də sosial müavinətlər və ödənişlər artırıldı. Ən əsası, ölkə üzrə minimum əməkhaqqı 180 manat müəyyən edildi ki, bu da 40 faiz artım demək idi. 40 faizlik artım, eyni zamanda, minimum pensiyanı əhatə etdi. Ölkə üzrə minimum pensiyanın məbləği 116 manatdan 160 manata yüksəldildi.
Dövlət başçısının "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı çərçivəsində cari ilin aprel ayından 14 kateqoriya üzrə sosial müavinətlər, 7 kateqoriya üzrə Prezident təqaüdləri 100 faiz artırıldı. İndi həmin sərəncamdan, ümumilikdə, 576,8 min nəfər yararlanır.
Bu günlərdə yeni sosial paket elan edildi. Ölkə başçısı tərəfindən imzalanan 17 sərəncama əsasən, minimum əməkhaqqı, minimum pensiya artırıldı. Eyni zamanda, bir sıra qurumlarda çalışan şəxslərin aylıq məvacibləri artırıldı. Belə ki, Azərbaycanda minimum əməkhaqqının 180 manatdan 250 manata qaldırılmasına qərar verildi.
O da məlumdur ki, sosial təminatın yüksək səviyyədə olması ölkədəki demoqrafik göstəricilərə müsbət təsir edir. Düzdür, ümumən, Azərbaycanda əhali artımında problem yoxdur. Ancaq o da bir reallıqdır ki, son illər çoxuşaqlı ailələrin sayı xeyli azalıb. Yeni ailə quranlar əsasən 2 uşaqla kifayətlənirlər. Bəzi hallarda bunu əməkhaqlarının azlığı ilə əlaqələndirirlər. O baxımdan minimum əməkhaqqının, həmçinin, digər sahələrdə çalışan şəxslərin aylıq məvaciblərinin artırılması ölkədəki demoqrafik vəziyyətə, göstəricilərə nə kimi müsbət təsir göstərəcək?
Məhərrəm Zülfüqarlı: “Sosial təminat bu məsələdə mühün rol oynayır”
Məsələyə münasibət bildirən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlının fikrincə, sosial paket ölkədəki demoqrafik göstəricilərə müsbət təsir göstərəcək: “Mütləq bunun ölkədəki demoqrafik vəziyyətə və bununla bağlı göstəricilərə müsbət təsiri olacaq. Bu danılmaz faktdır. Məsələn, İkinci Dünya Müharibəsindən sonra keçmiş SSRİ-də bu cür hallar var idi. Əhali artımını stimullaşdırmaq üçün müxtəlif sosial xarakterli tədbirlər həyata keçirilirdi. Çoxuşaqlı ailələrin sayını artırmaq üçün müxtəlif imtiyazlar tətbiq edilirdi. On uşağı olana “Qəhrəman ana” medalı verilirdi. O statusta olan analar üçün müxtəlif güzəştlər var idi. Hesab edirəm ki, əhalinin gəlirləri artdıqca, gənc ailələr uşaqlarının sayının çox olmasında maraqlı olacaqlar. Sosial təminat bu məsələdə mühün rol oynayır. Xüsusən də regionlarda yaşayan ailələr üçün sosial təminat mühüm əhəmiyyətə malikdir. Hesab edirəm ki, ailələrə sosial yardımların artırılması dövlətin gücləndirilməsidir. Ailə dövlətin ilkin özəyidir. Ailə nə qədər güclü olarsa, dövlətimiz o qədər güclü olar. Ona görə də bu sahədə atılan addımları təqdir edirik”.
Vidadi ORDAHALLI