DİN-in Polis Akademiyasında Azərbaycan Polisinin yaranmasının 101-ci ildönümü ərəfəsində veteranlarla keçirilən görüş hələ bundan sonra uzun illər kursantların yaddaşında qalacaq.
Gənclərlə görüşə gənclik həvəsi, gənclik enerjisi ilə gələn veteranlar əvvəlcə Akademiyada yaradılmış şəraitlə tanış olublar.
Görüşə başlamazdan əvvəl ümummilli lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsi bir dəqiqəik sükutla yad olunub, dövlət himni səslənib.
Tədbiri giriş sözü ilə Akademiyanın rəisi, polis general-mayoru Nazim Əliyev açıb.
DİN Veteranlar Şurasının sədri Fərhad Süleymanov çıxışında polisin keçdiyi tarixi inkişaf yoluna nəzər salıb, bugünkü polisin cümhuriyyət yadigarı olduğunu, Azərbaycanda həyata keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının əsasında ölkəyə layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsinin dayandığını bildirib.
Polis veteranları Adil Həsənov, Ramiz Axundov, Ələsgər Bədəlov, Kamal İmamverdiyev və Habil Alışanov müstəqilliyimizin ilk illərində erməni təcavüzünə qarşı döyüşənlərin, Vətənin səsinə səs verənlərin içində yüzlərlə polisimizin şəhidlik zirvəsinə ucaldığını, əlil və şikəst olduğunu xatırladaraq bu gün də polisin daha məsuliyyətlə, inamla dövlətə, xalqa xidmətindən danışıb.