18/09/2019 22:30
728 x 90

Sığorta haqlarının yığılması geriləyib - sığorta ödənişləri edilmir, ya…

Fuad İbrahimli: “Sığortanın yığımı üzrə çəkinin az olmasının səbəblərindən biri əhali arasında bu sistemə inamın yüksək olmaması ilə bağlıdır”

img

“Fərqli kampaniyalar keçirilməlidir ki, vətəndaşlar sığortanın əhəmiyyətilə bağlı daha yaxından məlumatlana bilsinlər”

Sığorta bazarının yeni göstəriciləri açıqlanıb. Bu ilin yanvar-may aylarında Azərbaycandakı 22 sığorta şirkətinin xəttilə 319,272 milyon manat məbləğində sığorta haqqı toplanıb. Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı məlumatda qeyd olunur ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9% azdır. Məlumat üçün bildirək ki, 5 ay ərzində sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlərin məbləği isə 93,778 milyon manat təşkil edib. Bu da illik müqayisədə 3,8% azdır.

Sığorta bazarında qeydə alınan azalmanın səbəblərini öyrənmək üçün iqtisadçı ekspert Fuad İbrahimliyə müraciət etdik. O bizimlə söhbətində qeyd etdi ki, sığorta sektoruna əhalinin hələ də inamının aşağı olması sığorta sahəsinə təsir edir: “Sığorta sistemi iqtisadiyyatın dayanıqlı inkişafı baxımından çox vacibdir. Bu yöndə ölkədə bir sıra işlər görülüb. Amma son hadisələr göstərir ki, sığorta sistemi hələ də mövcud potensiala uyğun inkişaf etdirilməyib. Sığortanın yığımı üzrə çəkinin az olmasının səbəblərindən biri əhali arasında bu sistemə inamın yüksək olmaması ilə bağlıdır.

Təəssüf ki, bəzi hallarda sığorta şirkətləri öhdəlikləri yerinə yetirmir. Nəticədə də bu, sığorta şirkətlərinə olan inamın azalmasına və sahibkarların sığortadan daha az istifadə etmələrinə gətirib çıxarır. Sığortanın əhəmiyyəti barədə sahibkarların və əhalinin məlumatlılığı o qədər də yüksək deyil. Bu məlumatlılığın artırılmasına ehtiyac var. Fərqli kampaniyalar keçirilməlidir ki, vətəndaşlar sığortanın əhəmiyyətilə bağlı daha yaxından məlumatlana bilsinlər”.

Günel CƏLİLOVA

Son xəbərlər