Nəsimi İcra Hakimiyyəti 26 iyun - Silahlı Qüvvələr gününü möhtəşəm tədbirlə qeyd etdi

26 İyun - Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Nəsimi rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki «N» saylı hərbi hissəsində bayram tədbiri təşkil edib.
Tədbir öncəsi qonaqlar oradaki əsgərlərimizin xidməti, məişət şəraiti ilə tanış olub, onlarla səmimi söhbət ediblər. Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva bildirib ki, əsası mərhum prezident Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu strategiyasının silahlı qüvəllərin Ali Baş Komandanı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusuna çevrilib. O deyib ki, mənəvi-psixoloji hazırlıq cəhətdən də fərqlənən ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir. 2016-cı ilin aprel döyüşlərində ordumuzun əks-hücüm əməliyyatı zamanı düşmənə sarsıdıcı zərbələri dediklərimizin bir daha təsdiqidir. Bu döyüşlər onu göstərdi ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü bərpa edəcək.
Sonra xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu Nəsimi rayon İcra Hakimiyyətinin xatirə hədiyələri ilə mükafatlandırılıb. Bayram tədbiri Şahin İsmayılovun ifasında səslənən vətənpərlik mahnıları, həmçinin 2 və 3 saylı Uşaq Gənclər İnkişaf mərkəzlərinin gənc üzvlərinin ifaları və rəngarəng rəqsləri ilə davam edib. Bayram tədbirindən sonra qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə bayram süfrəsi arxasında nahar ediblər. Hərbi hissənin rəhbərliyi və şəxsi heyəti tədbirin təşkilinə görə Nəsimi rayon nümayəndələrinə minnətdarlığını bildirib.
Baki-xeber.com