23/09/2019 05:33
728 x 90

BMT Forumu Azərbaycanın ASAN, ABAD modellərinin dünyəvi yayılmasında güclü rol oynaya bilər

“Forumun keçirilməsində məqsəd vətəndaş-dövlət münasibətlərinin asanlaşdırılmasını dünyaya yaymaqdır”

img

Məlum olduğu kimi, Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Birləşmiş Millətlər Təşkilatı ilə birgə BMT-nin Dövlət Xidmətləri Forumunun keçirilməsini gerçəkləşdirib.

Məlumat üçün bildirək ki, forum 2003-cü ildən etibarən 23 iyun – BMT-nin Dövlət Xidmətləri Günü ərəfəsində hər il təşkil olunur. Bu forumun keçirilməsində məqsəd dövlət idarəçiliyi, dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl modelləri, innovasiyalar və bu sahədə aktual olan məsələlər üzrə müzakirələrin aparılması, habelə dövlətlərin bu istiqamətlərdə qabaqcıl təcrübələrinin mübadiləsidir. Həmçinin, forum çərçivəsində dövlət xidmətləri sahəsində dünya üzrə ən qabaqcıl və innovativ modellər mükafatlandırılır.

BMT-nin Dövlət Xidmətləri Forumu Azərbaycanın ASAN və ABAD layihələrinin dünyada təbliğində və yayılmasında necə rol oynayacaq?

  • Aydın Mirzəzadə: “Bu forum sayəsində Azərbaycanın ASAN və ABAD layihəsi dünyada geniş şəkildə təbliğ olunacaq”

Məsələ ilə bağlı fikir bildirən millət vəkili Aydın Mirzəzadə “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu forumun keçirilməsində məqsəd vətəndaş-dövlət münasibətlərinin asanlaşdırılmasını dünyaya yaymaqdır: “Məlumdur ki, bu gün kimsə hər hansı bir arayış alarkən saatlarla qapı arxasında dayanmır. Vətəndaş məmur özbaşınalığı ilə üzləşmir. Son zamanlar ölkəmizdə vətəndaşların rahatlığı üçün yaradılan layihələr bir daha göstərdi ki, əsas məqsəd ölkə əhalisinin rahatlığının təmin olunmasıdır. Bakıda BMT-nin  Dövlət Xidmətləri Forumu keçirilərkən Azərbaycanda vətəndaşların rahat şəkildə işlərinin həll olunması üçün ASAN, ABAD və DOST xidməti layihələri haqqında geniş məlumat verildi. BMT baş katibinin müavini məlum forumda iştirak edərkən ASAN, ABAD və DOST xidməti ilə yaxından tanış oldu.

Baş katibin müavininə bu günədək ASAN xidmətə 30 milyona yaxın vətəndaşın müraciət etdiyi və onlara tez bir zamanda xidmət göstərildiyi barədə məlumat verilib. BMT baş katibinin müavininin şəxsən Azərbaycan təcrübəsi ilə tanış olması onu göstərdi ki, Azərbaycan bu kimi layihələrlə dünyaya nümunə ola bilər. Bu forum sayəsində Azərbaycanın ASAN və ABAD layihəsi dünyada geniş şəkildə təbliğ olunacaq. Onu da bildirim ki, vətəndaş-dövlət münasibətlərində digər layihələrin tətbiqi gözləniləndir”.

Günel CƏLİLOVA

Son xəbərlər