18/07/2019 09:25
728 x 90

Birinci vitse-prezident BMT Forumunda ASAN-ın unikal mahiyyətinə aid bu elementi də göstərdi – dövlət qurumları ilə özəl şirkətlər birləşib...

“Bu onu göstərir ki, Azərbaycan vətəndaşlara xidmət sahəsində çox unikal və səmərəli bir model ortaya qoyub”

img

“12 müxtəlif dövlət qurumu və bir qrup özəl şirkətlər bir bina daxilində “ASAN xidmət”də təmsil olunurlar”. Bu fikirləri Bakıda BMT-nin Dövlət Xidmətləri Forumunun açılışında çıxış edən Birinci vitse-prezident Mehriban Əliyeva səsləndirib.

Birinci vitse-prezidentin sözlərinə görə, 2013-cü ildən etibarən ASAN mərkəzlərində ölkə üzrə 30 milyondan artıq ərizəyə baxılıb: “Bu gün həmin mərkəzlərdə 320 dövlət və özəl xidmət göstərilir. 12 müxtəlif dövlət qurumu və bir qrup özəl şirkətlər bir bina daxilində “ASAN xidmət”də təmsil olunurlar. Çox qısa müddət ərzində “ASAN xidmət” dövlətlə vətəndaş arasında münasibətlərdə mərkəzi yeri tutdu”.

Mehriban xanımın fikrincə, sözügedən xidmətin yaradılmasının əsas hədəf və məqsədi yeni xidmətlərin insanlara yönəlməsi və vətəndaşların keçmişdə üzləşdiyi çətinliklərin aradan qaldırılmasından, dövlət xidmətlərini insanlar üçün əlçatan, rahat, asan və səmərəli etməkdən ibarətdir. “Vahid pəncərə” prinsipi əsasında dövlət xidmətlərinin göstərilməsi ideyasının bu cür ərsəyə gəldiyini qeyd edən Mehriban Əliyeva ASAN adının Azərbaycan dilində, mənaca, həmçinin, “asan” olduğunu vurğulayıb: “ASAN xidmət” Azərbaycan Prezidentinin təşəbbüsü ilə genişmiqyaslı dövlət idarəçiliyi islahatlarının bir hissəsi kimi 2012-ci ildə təsis edildi. Xalq isə dərhal bu islahatları alqışladı. “ASAN xidmət” Bakıda kiçik pilot layihə ilə fəaliyyətə başladı. Həmin vaxt xalqın tələbatlarına şəffaf, əlçatan, səmərəli və rahat şəkildə cavab vermək məqsədilə bir neçə dövlət xidmətləri göstərən qurum bir binaya toplaşdı. ASAN dərhal əhali arasında o qədər populyarlaşdı ki, biz bu uğurun davamı olaraq, göstərilən xidmətlərin sayını və növünü çoxaltmaq fikrinə gəldik və “ASAN xidmət” Azərbaycanın rayonlarında da açılmağa başlandı”.

Burada önəmli məqamlardan biri ondan ibarətdir ki, dövlət qurumları ilə özəl şirkətlər birgə fəaliyyət çərçivəsində xalqa xidmət göstərirlər. Bunun təşkili mexanizminin “ASAN xidmət” timsalında ortaya qoyulması çox unikal hadisədir. Hansı ki, məhz Azərbaycan bunu yarada bilib.

  • Rəsul Cahangirli: “Bunun təşkili mexanizminin yaradılaraq ortaya qoyulması həqiqətən də ölkəmizin böyük uğurudur”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, Mehriban xanımın bununla bağlı qeyd etdiyi fikirlər çox əhəmiyyətə malikdir: “Bu onu göstərir ki, Azərbaycan vətəndaşlara xidmət sahəsində çox unikal və səmərəli bir model ortaya qoyub. Hansı ki, dünyanın heç bir ölkəsində dövlət qurumları ilə özəl şirkətlər arasında belə uğurlu kombinasiya qurulmayıb. Düzdür, xüsusən inkişaf etmiş ölkələrdə bir sıra mütərəqqi idarəetmə metodları tətbiq edilir. Ancaq fikrimcə, onların heç biri “ASAN xidmət” qədər funksional və çoxşaxəli xidməti özündə ehtiva etmir. Bunun təşkili mexanizminin yaradılaraq ortaya qoyulması həqiqətən də Azərbaycanın böyük uğurudur. Özəl şirkətlərin bu yöndə fəaliyyəti hansısa podratçı mahiyyətə malik deyil. Bu, sırf mükəmməl idarəçiliyi özündə ehtiva edir. Hesab edirəm ki, Azərbaycanın bununla bağlı əldə etdiyi nailiyyət dünya ölkələri üçün böyük bir nümünə olacaq. Heç şübhə etmirəm ki, yaxın perspektivdə daha çox ölkə bundan faydalanmağa, bu modeli tətbiq etməyə səy göstərəcək”.

Vidadi ORDAHALLI

Son xəbərlər