İyunun 24-də Dövlət Gömrük Komitəsinin rəhbərliyi Gəncə şəhərinin, Samux, Göygöl, Daşkəsən rayonlarının sakinlərini, eləcə də bu bölgələrdə məskunlaşan məcburi köçkünləri qəbul edib.
Həmin gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin qəbulu Gəncə şəhərində keçirilib.
Qəbulda vətəndaşların yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinlənib. Müraciətlər əsasən idxal-ixrac əməliyyatları zamanı rəsmiləşdirmə, gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.
Həmin gün Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov Göygöl rayonunda, Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev isə Daşkəsən rayonunda vətəndaşları qəbul edib.
Qəbullar zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Baki-xeber.com