20/07/2019 20:38
728 x 90

Təkcə son 5 ayda 180 ölkənin bir milyon vətəndaşı Azərbaycanı öz gözləri ilə görüb – ölkəni tanıtmağın müqayisəsiz üsulu…

“Azərbaycan son illərdə turizmin sürətlə inkişaf etdiyi ölkələrdən birinə çevrilib”

img

Açıqlanan statistik rəqəmlərə əsasən, yanvar-may aylarında Azərbaycana dünyanın 180 ölkəsindən 1094,8 min və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Məlumat üçün bildirək ki, gələnlərin 28,5 faizi Rusiya Federasiyası, 26,0 faizi Gürcüstan, 10,9 faizi Türkiyə, 7,7 faizi İran, 3,0 faizi Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,9 faiz olmaqla Ukrayna və Hindistan, hər birindən 1,6 faiz olmaqla Böyük Britaniya və Türkmənistan, hər birindən 1,2 faiz olmaqla Pakistan və İraq, 14,4 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 69,1 faizini kişilər, 30,9 faizini isə qadınlar təşkil edib.

Ölkəmizə yanvar-may aylarında gələnlərin sayında daha çox artım Türkmənistan (1,9 dəfə), Misir (1,8 dəfə), Çin (1,8 dəfə), Hindistan (1,7 dəfə), Səudiyyə Ərəbistanı (1,7 dəfə), Böyük Britaniya (42,3 faiz), Cənubi Koreya (31,4 faiz), Yaponiya (30,1 faiz), Almaniya (28,0 faiz), Kanada (27,7 faiz), Polşa (23,4 faiz) və Gürcüstan (22,7 faiz) vətəndaşları arasında qeydə alınıb.

2019-cu ilin yanvar-may aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 27,8 faiz artaraq 54,4 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 3,6 faiz artaraq 380,8 min nəfər olub.

Cari ilin beş ayı ərzində Azərbaycana 180 ölkədən 1 milyondan çox turistin gəlməsi sevindirici haldır. Qısa müddət ərzində 180 ölkə vətəndaşının ölkəmizə gəlməsi həm Azərbaycanın tanınması, həm turizmin inkişafı, həm də iqtisadiyyatın inkişafı baxımından əhəmiyyətlidir.

  • Elçin Rüstəmov: “Turist sayının çox olması turizmin inkişafı ilə yanaşı, iqtisadiyyata daxil olan gəlirin artmasına təsir göstərir”

Turizm sahəsi üzrə ekspert Elçin Rüstəmov bizimlə söhbətində qeyd etdi ki, Azərbaycan son illərdə turizmin sürətlə inkişaf etdiyi ölkələrdən birinə çevrilib. Bu tendensiyanın artmasında ölkəmizin füsunkar təbiətinin, tarixi-mədəni abidələrinin böyük rolu olmaqla yanaşı, əsas faktorlardan biri də şübhəsiz ki, son bir neçə ildə Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdir: “Son 5 ay ərzində Azərbaycana 180 ölkədən 1 milyondan çox turistin gəlməsi sevindiricidir. Bu o deməkdir ki, artıq istirahət üçün Azərbaycanı seçən turistlərin sayı günü-gündən artır. Əvvəllər daha çox Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna və İrandan gələn turistlər üstünlük təşkil edirdi. Ancaq indi vəziyyət tamamilə müsbətə doğru dəyişib. Demək olar ki, dünyanın dörd bir yanından ölkəmizə istirahət üçün gəlirlər. Təbii ki, bunda ölkəmizdə keçirilən beynəlxalq yarışların böyük rolu var”.

Həmsöhbətimiz onu da vurğuladı ki, turist sayının çox olması turizmin inkişafı ilə yanaşı, iqtisadiyyata daxil olan gəlirin artmasına təsir göstərir. Ekspertin fikrincə, yaxın müddət ərzində ölkəmizə gələcək turistlərin sayı daha da artacaq.

Günel CƏLİLOVA

Son xəbərlər