18/09/2019 22:34
728 x 90

Diaqnostik qiymətləndirmədən keçməyən müəllimlərin də əməkhaqqı artacaq - yenilik...

“Hazırkı dövrdə diaqnostik qiymətləndirmənin nəticələri müəllimlərin dərs bölgüsü zamanı nəzərə alınır”

img

Ölkəmizdə həyata keçirilən uğurlu sosial siyasət nəticəsində əhalinin aztəminatlı təbəqəsindən tutmuş, müəllimlərə qədər bir sıra sahələrdə çalışanların əməkhaqqı artırılıb. Prezident İlham Əliyevin ölkədə minimum əməkhaqqının artırılması ilə bağlı sərəncamı yalnız diaqnostik qiymətləndirmədən keçən müəllimlərə deyil, diaqnostik qiymətləndirmədən keçməyən müəllimlərə də şamil ediləcək.

Qeyd edək ki, əvvəlcə diaqnostik qiymətləndirmədən keçməyən müəllimlərin əməkhaqqının artırılmayacağı bildirilirdi. Bu da müəllimlər arasında müəyyən narahatlıq yaradırdı.

Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirovun bildirdiyinə görə, diaqnostik qiymətləndirmədən keçməyən müəllimlərin də əməkhaqlarında artım olacaq. O deyib ki, Nazirlər Kabineti tərəfindən vahid tarif cədvəli təsdiq edildikdən sonra diaqnostik qiymətləndirmədən keçməyən müəllimlərin əməkhaqlarında sentyabrın 1-dən artım olacaq (minimum aylıq əməkhaqqı artımına uyğun olaraq): “Ancaq o müəllimlər diaqnostik qiymətləndirmədən keçdikdən sonra onlar birinci istiqamət üzrə (diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər üçün nəzərdə tutulan 20 faizlik artımla) əməkhaqqı almağa başlayacaqlar. Hər bir halda həm diaqnostik qiymətləndirmədən keçən, həm də keçməyən müəllimlər, eyni zamanda, qeyri-müəllim vəzifələrində çalışan təhsil işçilərinin də əməkhaqqının artımı sentyabrın 1-dən olacaq”.

F.Qədirov, həmçinin, vurğulayıb ki, müddətli müqavilə ilə işə qəbul olunan müəllimlərin də aylıq vəzifə maaşlarında sentyabrın 1-dən 20 faiz artım olacaq: “Müəllimlərin işə qəbulunda iştirak diaqnostik qiymətləndirməyə bərabər tutulur. Bu barədə ölkə Prezidentinin sərəncamı var. Həmin sərəncamdan çıxış edərək deyə bilərik ki, diaqnostik qiymətləndirmədən keçmiş müəllimlər üçün nəzərdə tutulan 20 faizlik artım müddətli müqavilə ilə işə qəbul olunan müəllimlərə də şamil ediləcək”.

  • Kamran Əsədov: “Hazırda onlar 80-100 manat arasında əməkhaqqı alırlar ki, 2019-cu il 1 sentyabrdan bu rəqəmlər 150 manata qədər artırılacaq”

Diaqnostik qiymətləndirmədən keçməyən müəllimlərin də əməkhaqqının artmasının müsbət təşəbbüs olduğunu bildirən tanınmış təhsil eksperti Kamran Əsədov qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli təhsil islahatlarının bir hissəsini də ixtisaslı müəllim kadrlarının hazırlanması, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması təşkil edir. “Son illər Azərbaycanda təhsilə qayğı ildən-ilə artmaqdadır. Bunu təhsilin bütün sferalarında aparılan davamlı islahatlar bir daha təsdiq edir. 2014-2018-ci illərdə Təhsil Nazirliyinin diaqnostik qiymətləndirməsindən keçən müəllimlərin orta aylıq əməkhaqqı 465 manatdır. 2014-cü ildən bu günə kimi 142 min müəllim diaqnostik qiymətləndirmədən keçib. Amma maaşın artımı diaqnostik qiymətləndirmədən keçməyənlərə də şamil olunur. Əməkhaqlarının artımı diaqnostik qiymətləndirmədən keçən bütün müəllimlərə şamil ediləcək. Amma artım zamanı qiymətləndirmədən keçən müəllimlər arasında fərq qoyulmayacaq, artım bütün müəllimlərin əməkhaqlarına eyni səviyyədə təsir göstərəcək. Hazırkı dövrdə diaqnostik qiymətləndirmənin nəticələri müəllimlərin dərs bölgüsü zamanı nəzərə alınır. Bu o deməkdir ki, diaqnostik qiymətləndirmənin nəticələri yüksək olan müəllim daha çox dərs saatı alacaq və bu da onun yüksək əməkhaqqı almasına imkan verəcək. Bu artımdan sonra təkcə Bakı şəhərində 8965 nəfər müəllimin əməkhaqqı 500-1000 manat, 476 nəfər müəllimin əməkhaqqı isə 1000 manatdan yuxarı olub. Aparılan islahat nəticəsində həmin müəllimlərin orta aylıq əməkhaqqı 465 manat təşkil etməklə, ölkə üzrə müvafiq göstəriciyə yaxınlaşıb. Yeni artımdan sonra müəllimlərin əməkhaqqı orta hesabla 77-99 manat artıb. İndi pedaqoji stajı 3 ilə qədər olan və bir stavka dərs yükü (18 saat) dərs deyən müəllim aylıq 462 manat, pedaqoji stajı 18 ildən çox olan və bir stavka dərs yükü (18 saat) dərs deyən müəllim aylıq 594 manat əməkhaqqı alacaq.

Amma diaqnostik imtahanda iştirak etməyən müəllimlər var ki, onlar 6 saata qədər dərs deyirlər və onların əməkhaqqı 2016-cı il 1 yanvara qədər qüvvədə olan ödəmə cədvəlinə uyğun olaraq həyata keçirilir. Amma 1 sentyabra qədər onlar barəsində də qərar olacaq və onların da əməkhaqları dərs saatına görə artırılacaq. Hazırda onlar 80-100 manat arasında əməkhaqqı alırlar ki, 2019-cu il 1 sentyabrdan bu rəqəmlər 150 manata qədər artırılacaq” - deyə K.Əsədov vurğuladı

İradə SARIYEVA

Son xəbərlər