Bakıda pis və yaxşı çimərlikləri baxan kimi müəyyənləşdirmək olacaq

Yay mövsümündə Bakı sakinlərinin, eləcə də qonaqların ən çox üz tutduğu yer Xəzərin sahilboyu çimərlikləri olur. Xəzərin sahilində yerləşən çimərliklərin bir qismi istifadəyə yararsızdır. Həmin çimərliklərin istifadəyə yararsız olmasını hətta Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nüməyəndələri də təsdiqləyirlər.
İstifadəyə yararlı çimərliklərin istifadəyə yararsız çimərliklərdən fərqləndirilməsi üçün həmin istirahət məkanlarına işarə qoyulması təklif olunur.
İstifadəyə yararlı çimərliklərin fərqləndirilməsi və onların ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən layihə hazırlanır. Bunu nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova media nümayəndələrinə açıqlamasında deyib. Onun sözlərinə görə, layihəyə əsasən çimmək üçün yararlı olan ərazilərin işarələnməsi və həmin ərazilərə konteynerlərin yerləşdirilməsi təklif edilir: "Dünyada belə bir təcrübədən istifadə olunur və ekoloji standartlara cavab verən çimərliklərə mavi bayraq sancılması ənənəsi mövcuddur. Dünyanın bir sıra ölkələrinin çimərliklərində sancılan mavi bayraq çimərliyin yüksək imic qazanmasına xidmət edir".
Ekspertlər də hesab edirlər ki, istifadəyə yararlı çimərliklər təmiz olmayan çimərliklərdən seçilməlidir.
- Telman Zeynalov: “Çimərlik mövsümü başlasa da, vətəndaşları Abşeron çimərliklərindən hansında çimməyin təhlükəsiz olması düşündürür”
Ekoloq Telman Zeynalov bizimlə söhbətində qeyd etdi ki, çimərliklərin istifadəyə yararlı olub-olmaması tam şəkildə araşdırılmalıdır: “Çimərlik mövsümü başlasa da, vətəndaşları Abşeron çimərliklərindən hansında çimməyin təhlükəsiz olması düşündürür. Mütəmadi olaraq istifadəyə yararlı və yararsız çimərliklərin adı ictimaiyyətə açıqlanır. Lakin istifadəyə yararlı çimərliklər belə əksər vaxtlarda təmiz olmur. Bu səbəbdən insanlar çimərliklərin təmiz olmasına şübhə ilə yanaşırlar”.
Həmsöhbətimiz bildirdi ki, təmiz və istifadəyə yararlı çimərliklər işarələnməlidir ki, hər kəs işarə sayəsində istirahət məkanlarını ayırd edə bilsin: “Belə bir fikir var ki, işarələnmiş çimərliklərə giriş üçün tələb olunacaq məbləğ yüksək olacaq. Nəzərə almaq lazımdır ki, hər kəs təmiz çimərliklərdə istirahət etmək istəyir. Bu səbəbdən də çimərliklərə daxil olmaq üçün tələb olunan məbləğ hər kəsin büdcəsinə uyğun olmalıdır”.
Günel CƏLİLOVA