19/09/2019 00:41
728 x 90

Tibbi sığorta sistemi həkimlərin firma dərmanları yazmaq üsuluna son qoyacaq

“… məcbur olacaqlar ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) protokol tələbinə əməl etsinlər”

img

Məlum olduğu kimi, 2020-ci ildən Azərbaycanın bütün rayon və şəhərlərində icbarii tibbi sığortanın tətbiqi nəzərdə tutulur. İcbari tibbi sığortanın ölkəboyu tətbiqi səhiyyə sistemində nəzərdə tutulan islahatların ana xəttini təşkil etməlidir.

Rəsmi məlumata görə, icbari tibbi sığorta ilə bağlı Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında həyata keçirilən pilot layihələrdən əldə olunan nəticələr ümidvericidir. Birincisi, insanlar icbari tibbi sığortanın tətbiqindən razıdırlar, ikincisi, icbari tibbi sığorta ilə məşğul olan mütəxəssislərin özləri təcrübə toplayıb.

2020-ci ilin yanvar ayından etibarən bütün ölkə miqyasında icbari tibbi sığortanın tətbiq olunması ilə bağlı Azərbaycan Prezidenti fərmanı imzalayıb. Fərmana görə, böyük əhali qrupu müalicə xərclərindən azad edilir. Buraya təqaüdçülər, uşaqlar, əmək qabiliyyətini itirənlər və sosial qruplar daxildir. Bu sosial qrupların müalicəsi ilə əlaqədar bütün sığorta xərcləri ödəniləcək. Qalan kateqoriyalar üzrə, yəni işləyən insanların isə əməkhaqqından və onları işə götürən müəssisə tərəfindən müəyyən faiz ödəniləcək və sığorta hesabına müalicə alacaqlar.

İcbari tibbi sığortanın tətbiqi əhalinin sosial vəziyyətinin yaxşılaşmasına kömək edəcək və insanlara daha keyfiyyətli tibbi xidmətin göstərilməsi təmin olunacaq.

İcbari tibbi sığortanın üstünlüklərindən biri də həkimlərin xəstələrə artıq firma dərmanı yazmaması olacaq.

Hansısa həkimin reseptə icbari tibbi sığorta paketinə daxil olmayan firma dərmanı yazdığı üzə çıxarsa, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və yaxud da TƏBİB publik hüquqi şəxs o həkimlə müqaviləyə xitam verəcək.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) protokolunda qeyd olunur ki, xəstəliklərin hansı üsulla müalicə olunduğu qeyd olunmalıdır.

Maraqlıdır, həkimlərin resept yazarkən firma dərmanı təyin edib-etməməsinə necə nəzarət olunacaq?

  • Musa Quliyev: “İcbari tibbi sığorta sistemi ölkə üzrə tam tətbiq edildikdən sonra həkimlərin xəstələrə yazdığı reseptlərə İcbari Tibbi Sığorta Agentliyi və yeni yaradılan TƏBİB publik hüquqi şəxs tərəfindən nəzarət ediləcək”

Millət vəkili Musa Quliyev qeyd etdi ki, icbari tibbi sığortanın ölkə üzrə tətbiqindən sonra Azərbaycanda dərman firmalarının həkimlərlə işbirliyinə son qoyulacaq: “Bu proses icbari tibbi sığortanın tətbiqindən sonra tədricən işə düşəcək. İcbari tibbi sığortanın tələblərindən biri xəstələrin tibbi protokola əsasən müalicə edilməsi məsələsidir. Həkimlər icbari tibbi sığorta sistemi Azərbaycanda tam işə düşəndən sonra məcbur olacaqlar ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) protokol tələbinə əməl etsinlər. Bu protokolda hansı xəstəliklərin hansı üsulla müalicə olunduğu qeyd edilməlidir".

Deputat bildirib ki, icbari tibbi sığorta sistemi ölkə üzrə tam tətbiq edildikdən sonra həkimlərin xəstələrə yazdığı reseptlərə İcbari Tibbi Sığorta Agentliyi və yeni yaradılan TƏBİB publik hüquqi şəxs tərəfindən nəzarət ediləcək: "Belə deyək ki, bu qurumlar həkimlərin xəstələrə yazdığı reseptləri izləyə biləcəklər. Çünki həkim xəstəyə yazdığı resepti elektron sistemə daxil edəcək. Bu zaman həkimin xəstəyə müalicə protokoluna uyğun dərman yazıb-yazmadığına nəzarət olunacaq. Bu sistem həkimlərin xəstələrə artıq və tibbi göstəriş olmadan dərman yazmasının da qarşısını alacaq. Həkimlərin beləcə tədricən dərman firmaları ilə işbirliyinə son veriləcək. Hansısa həkimin reseptə icbari tibbi sığorta paketinə daxil olmayan firma dərmanı yazdığı üzə çıxarsa, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və yaxud da TƏBİB publik hüquqi şəxs o həkimlə müqaviləyə xitam verəcək".

Günel CƏLİLOVA

Son xəbərlər