İyunun 7-də Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədində yerləşən “Samur” gömrük-sərhəd buraxılış məntəqəsinə və Samur çayı üzərində avtomobil körpüsünün tikintisinə baxış keçirib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən “Bakı Xəbər”ə bildirildiyinə görə, baxış zamanı “Samur” gömrük-sərhəd buraxılış məntəqəsindəki mövcud vəziyyət, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin yerli bölmələrinin qarşılıqlı fəaliyyətinin tənzimlənməsi məsələləri müzakirə edilib və vəzifəli şəxslərin məruzələri dinlənib.
Sonra Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədində yerləşən “Samur” gömrük-sərhəd buraxılış məntəqəsində aparılan yenidənqurma işlərinə və Samur çayı üzərində avtomobil körpüsünün tikintisinə baxış keçirilib.
Tikintidə mövcud vəziyyət və görüləcək işlər barədə məlumat verilib. Qeyd edilib ki, yeni körpünün inşasının yaxın vaxtlarda başa çatdırılması planlaşdırılır. Körpünün uzunluğu 325,3 metr, eni 17,3 metrdir. Körpü üç zolaqdan ibarət olacaq.
Yeni körpünün açılması nəqliyyat vasitələrinin sərhəd keçidlərindən daha tez buraxılmasını təmin edəcək ki, bu da gələcəkdə iki ölkə arasında daşımaların həcminin artmasına xidmət göstərəcək. Bu körpü həm də Şimal-Cənub nəqliyyat dəhlizinin səmərəliliyinin artırılması istiqamətində atılan addımlardır.
Baki-xeber.com