Məlum olduğu kimi, dövlət peşə təhsili müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsi ilə bağlı normativlər təsdiq olunub. Bununla bağlı xüsusi qayda tətbiq olunub. Belə ki, dövlət peşə təhsili müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsi üçün hər bir dövlət peşə təhsili müəssisəsi Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi ilə müqavilə əsasında “həyəcan” düyməsi ilə təmin edilir.
Maliyyə Nazirliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi ilə razılaşdırılmaqla, dövlət peşə təhsili müəssisələrinin “həyəcan” düyməsi ilə təchiz olunması üçün tələb olunan vəsaitin 2019-cu ildə həmin təhsil müəssisələrinin tabe olduqları müvafiq orqanlar (qurumlar) üçün Azərbaycan Respublikasının dövlət büdcəsində təsdiq olunmuş xərclər hesabına maliyyələşdirilməsini və 2020-ci ildən etibarən hər il dövlət büdcəsində nəzərdə tutulmasını təmin etməlidir.
Təhsil müəssisələrinə məxsus daşınmaz əmlakın və ərazinin xüsusi normativlər əsasında mühafizə olunmasını ekspertlər də müsbət qarşılayırlar.
Kamran Əsədov: “Dəfələrlə həmin resursların oğurlanması və zədələnməsi haqqında məlumatlar yayılıb”
Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, hazırda ölkədə 4472 təhsil müəssisəsi var: “Məlumdur ki, təhsil müəssisələrində kifayət qədər vəsait cəmləşib. Son zamanlar Təhsil Nazirliyi tərəfindən təhsil müəssisələrinə çoxlu sayda vəsait göndərilib. O vəsaitlər sırasında laboratoriya üçün avadanlıqlar, kompyuter və digər bahalı texniki əşyalar var. Dəfələrlə həmin resursların oğurlanması və zədələnməsi haqqında məlumatlar yayılıb. Bu baxımdan təhsil müəssisələrinə məxsus olan daşınmaz əmlakın mühafizə olunması təqdir olunası haldır”.
Həmsöhbətimiz onu da vurğuladı ki, məktəbin inzibati ərazisi təhlükəsizlik baxımından hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qorunmalıdır. Məktəbin mühafizəsinə təqaüdə çıxmış şəxslərin cəlb olunması düzgün deyil. Orta məktəb ərazisinin dövlət qurumlarının əməkdaşları tərəfindən qorunması bu sahədə yaşanan problemləri həll edəcək. Bundan sonra məktəbin ərazisi xüsusi mühafizə olunacaq. Bu qərar valideynlərin təhsil müəssisələrinə inamını artıracaq”.
Günel CƏLİLOVA