Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) iki institutuna və Azərbaycan Tarixi Muzeyinə direktor seçkilərinin keçiriləcəyi ilə bağlı xəbər yayılıb.
Məlumatlara görə, bu barədə qərar iyunun 3-də Milli Azərbaycan Tarixi Muzeyində keçirilən (MATM) AMEA-nın İctimai Elmlər Bölməsinin (İEB) növbəti büro iclasında qəbul edilib.
İclasda Milli Azərbaycan Tarixi Muzeyi, Şərqşünaslıq və Fəlsəfə institutlarının direktorları vəzifələrinə seçkilərin keçiriləcəyi bildirilib. Bundan əlavə, Tarix İnstitutunun Elmi Şurasında dəyişiklik olunub, o cümlədən, Fəlsəfə İnstitutunda fəlsəfə fənni üzrə kursların təşkil edilməsi qərarlaşdırılıb.
Qeyd edək ki, indiyə qədər AMEA institutlarının və muzeyin direktoru Rəyasət Heyəti tərəfindən təyin olunub.
AMEA-dan aldığımız məlumata görə, ümumiyyətlə, direktor vəzifəsinə seçkilər formal xarakter daşıyır, yəni qurumun Rəyasət Heyəti kimin direktor olmasına qərar verirsə, həmin şəxs də bu vəzifəyə seçilir.
AMEA alimlərindən biri bizimlə söhbətində bildirdi ki, ümumiyyətlə, AMEA sistemində bu kimi vəzifələrə seçkilərin keçirilməsi yeni ənənədir. Bununla belə, namizədliyi irəli sürülən şəxslər müvafiq şöbələr tərəfindən gizlin səsvermə yolu ilə seçilsələr də, direktoru aidiyyəti heyət təsdiqləyir.
“Ola bilsin ki, Rəyasət Heyəti heç təqdim edilən namizədi direktor vəzifəsinə təsdiqləməsin”
Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İlqar Orucov bizimlə söhbətində qeyd etdi ki, AMEA-nın strukturlarına həmişə seçki keçirilib. Sadəcə, bu, daxili qaydada olduğu üçün, indiki ajiotaj yaratmayıb. “Ənənəvi olaraq həmişə Akademiyanın elmi müəssisə və təşkilatlarına seçkilər keçirilib. Direktorlar institutların elmi şuraları tərəfindən seçilir və müvafiq bölməyə təqdim olunur. Elmi bölmələrdə gələcək direktorun namizədliyi müzakirə edilir və yekunda qərarı Akademiyanın Rəyasət Heyəti verir. Ola bilsin ki, Rəyasət Heyəti heç təqdim edilən namizədi direktor vəzifəsinə təsdiqləməsin. Şərqşünaslıq və Fəlsəfə institutlarına və Milli Azərbaycan Tarixi Muzeyinin direktoru vəzifəsinə də seçkilərin keçirilməsi bundan irəli gəlir. Akademiya institutlarının direktorları ali məktəblərin rəhbərləri kimi təyinatla bu vəzifəni tutmurlar. Akademiya İnstitutlarına direktor seçkilərinin keçirilməsi məsələsi bu qurumun öz daxili işidir. Yəni bu qanunauyğundur” - deyə İ.Orucov bildirdi.
İradə SARIYEVA