Bir neçə gün öncə tək ölkəmizdə deyil, bütün dünyada Uşaqların müdafiəsi günü qeyd olundu. Məlumdur ki, Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı iş görülür.
Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb. Uşaqlar günündə sosial şəbəkədə bağçada çalışan tərbiyəçinin 2 yaşlı körpə uşağı təhqir etməsini əks etdirən video yayıldı. Videonu Aynur Şahkərimova adlı xanım paylaşıb. Videoda uşaq bağçalarından birinin müəlliməsinin uşaqlarla kobud rəftar etdiyi görünür. Videoda tərbiyəçinin uşaqlara hətta söyüş söydüyü, onlardan birini isə kobud şəkildə müdaxilə edərək vurduğu əks olunub.
Videonu yayan A.Şahkərimova bunları qeyd edib: "Zığda bağça müəlliməsi valideynlərin qrupuna şəkil atmaq istərkən səhvən videoya sıxıb, özü də bilmədən bu dəhşətli, söyüşlü, təhqirli davranış üzə çıxıb. Bir cəza verilibmi? Bəs necə, cəzasız olarmı? Xanıma sadəcə “töhmət” elan edilib”.
Qeyd edək ki, hadisə Zığda yerləşən 331 saylı bağçada baş verib. Tərbiyəçinin uşağı sakitləşdirmək əvəzinə, onu təhqir etməsi və şiddət göstərməsi ölkə ictimaiyyəti tərəfindən hiddətlə qarşılanıb. İctimaiyyətin rəyindən sonra bağça rəhbərliyi işə qarışıb, həmin tərbiyəçi işdən azad olunub.
Uşaq bağçalarında tərbiyəçinin uşaqlarla sərt davranışı birinci dəfə deyil baş verir. Bu kimi hadisə dəfələrlə olub. Ekspertlər təklif edirlər ki, uşaq bağçalarında çalışan tərbiyəçilər psixoloji testdən keçirilsinlər. Uşaqlarla davranış qabiliyyətinə sahib ola bilməyən şəxslərin tərbiyəçi kimi işləməsinin düzgün olmadığı bildirilir.
Könül Vaqifqızı: “Məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoqlar mütləq ildə bir, ya iki dəfə psixoloji testdən keçməlidirlər”
Psixoloq Könül Vaqifqızı bizimlə söhbətində qeyd etdi ki, heç bir müəllimin ixtiyarı yoxdur ki, ona əmanət edilən uşağa sərt münasibət göstərsin: “Bir neçə gün öncə Zığ qəsəbəsindəki bağçada tərbiyəçinin Cəmilə adlı uşağı necə təhqir etməsini əks etdirən videonu ürək ağrısı ilə izlədim. Həmin müəllimənin özünün psixoloqa ehtiyacı var. Onun uşağa şiddət göstərməyə və söyüş söyməyə nə ixtiyarı var?!".
K.Vaqifqızının sözlərinə görə, müəllim, tərbiyəçi müəyyən kodekslər çərçivəsində hərəkət etməlidir: "Pedaqogikada müəllimlərə öyrədilir ki, tədrisdə cəza, fiziki şiddət yoxdur. Cəza kimi şagirdin qiymətini aşağı sala bilər, valideyni dəvət edə bilər, rəhbərliyə müraciət edə bilər. Tutaq ki, şagird dərsdə özünü yaxşı aparmırsa, qabaqlayıcı tədbir görə bilər. Ola bilsin uşaq dəcəldir və ya ona deyilən sözü düzgün qəbul edə bilmir. Bu kimi hal baş verdiyi halda tərbiyəçi hisslərə qapılmayıb qabaqlayıcı tədbirlər görməlidir. Təhsil müəssisələrində çalışan pedaqoqlar mütləq ildə bir, ya iki dəfə psixoloji testdən keçməlidirlər. Onlarla müəyyən psixoloji iş aparılmalıdır. Çünki bu, pedaqoqdur. Fiziki zorakılıq qəbul edilmir. Xüsusən də bağça yaşlı uşağa və ya şagirdə qarşı əl qaldırmaq olmaz. Ümumiyyətlə, bağça və orta təhsil məktəblərində psixoloji işi gücləndirmək lazımdır. Tərbiyəçi və müəllimlərin hazırlığında psixoloji savadlılığa diqqət artırılmalıdır”.
Günel CƏLİLOVA