Bu ilin yanvar-aprel aylarında Azərbaycana Yaponiya və Çindən gələn turistlərin sayı çoxalıb. Məlum olub ki, yanvar-aprel aylarında ölkəmizə Çindən gələnlərin sayı 1,6 dəfə, Yaponiyadan gələnlərin sayı 37,1 faiz artıb.
Bu ilin təkcə aprel ayında isə Azərbaycana gələn əcnəbilərin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,9 faiz və ya 19,4 min nəfər artaraq 238 minə çatıb.
Ümumilikdə, bu il Azərbaycana dünyanın 170 ölkəsindən 848,4 min əcnəbi gəlib ki, gələnlərin sayında daha çox artım Misir (2,2 dəfə), Səudiyyə Ərəbistanı (1,9 dəfə), Hindistan (1,8 dəfə), Türkmənistan (1,8 dəfə), Çin (1,6 dəfə), Yaponiya (37,1 faiz), Kanada (31,8 faiz), Pakistan (28,8 faiz), Gürcüstan (22,6 faiz), Polşa (20,8 faiz) və Cənubi Koreya (20,5 faiz) vətəndaşları arasında qeydə alınıb.
Dövlət Turizm Agentliyindən verilən məlumata görə, Çinin Mədəniyyət və Turizm Nazirliyi ilə bağlanmış "Çinli turistlərin Azərbaycana qrup səfərlərinin sadələşdirilməsi haqqında Anlaşma Memorandumu"na əsasən, yaxın illərdə Azərbaycana bu ölkədən gələcək turistlərin sayı 200 min nəfərə çata bilər. 2018-ci ildə bu istiqamətdə 50 faiz artım müşahidə olunub.
Görünən odur ki, Çin və Yaponiyadan ölkəyə gələn turistlərin sayında artım tendensiyası var. Əvvəllər ərəb ölkələrindən daha çox turistin gəlməsi ənənə halını almışdısa, bu gedişlə yaxın illərdə bu sahədə vəziyyət kökündən dəyişə bilər. O baxımdan, Çin və Yaponiyadan Azərbaycana gələn turistlərin sayındakı artım tendensiyasını ekspertlər necə dəyərləndirirlər?
Rəsul Cahangirli: “Bu ölkələrdən gələn turistlər qənaətcil olur, israfçılığa yol vermirlər”
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirli Çin və Yaponiyadan Azərbaycana gələn turistlərin sayının artmasını müsbət dəyərləndirdi: “Bu çox müsbət haldır. Nəzərə almaq lazımdır ki, Azərbaycanla Çin arasında bu sahədə imzalanmış ikitərəfli memorandum yeni imkanlar açır. Bu imkan verir ki, daha çox çinli turist Azərbaycana gəlsin. O cümlədən, sevindirici haldır ki, Yaponiya kimi inkişaf etmiş ölkədən olan turistlər Azərbaycana səyahət etməyə maraq göstərirlər. Yaponiya turistləri üçün Azərbaycan daha maraqlıdır. Son illər onlar müxtəlif media resursları vasitəsilə Azərbaycanda gedən inkişafı, ölkəmizin bir sıra beynəlxalq tədbirlərə evsahibliyi etdiyini izləyirlər. Bütün bunlar onlarda Azərbaycana turist səyahəti etmək marağı yaradır. Bir məqamı xüsusi qeyd etmək istəyirəm ki, Asiya ölkələri içərisində Yaponiya və Çindən gələn turistlər mədəni səviyyələrinə görə daha üstündürlər. Bu ölkələrdən gələn turistlər qənaətcil olur, israfçılığa yol vermirlər. İctimai həyatda konfliktə səbəb ola biləcək hallara yol vermirlər. O baxımdan hesab edirəm ki, bu yöndə gedən proseslər müsbət tendensiyadan xəbər verir və bunu təqdir etmək lazımdır”.
Vidadi ORDAHALLI