Bakı metrosunda 54 yaşlı qadın relsin üzərinə düşüb. Bakı Metropoliteni QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, bu gün səhər saat 09:35-də metronun "28 may" stansiyasında bir nəfər qadın relslərin üzərinə düşüb.
O, qeyd edib ki, hadisə “Həzi Aslanov”dan “28 may” istiqamətinə gələn qatarın hərəkəti zamanı baş verib: "Hazırda araşdırma aparılır. Araşdırmanın sonunda əlavə məlumat veriləcək".
B.Məmmədov hadisə baş verəndən sonra qatarların hərəkətinin 10 dəqiqə ərzində dayandığını qeyd edib. Hazırda hərəkət bərpa edilib.
Bəxtiyar Məmmədovun sözlərinə görə, relsin üzərinə düşən qadın 1965-ci il təvəllüdlü Asya Əmirovadır. Qadın xilas olunub, vəziyyəti normaldır.