Dünyada internetin sürətinə görə 196 ölkənin adı daxil edildiyi siyahı dərc olunub. Məlum olub ki, Azərbaycan həmin siyahıda 98-ci sırada qərarlaşıb. Bildirilir ki, Azərbaycanda internetin sürəti 5,7 meqabitə bərabərdir. Bu göstəriciyə görə isə Azərbaycan region ölkələri arasında yalnız Ermənistan, Türkmənistan və Tacikistandan öndədir. Digər ölkələrdən isə geridə qalıb.
Region ölkələri arasında ən sürətli internetin olduğu ölkə Ukrayna hesab olunur. Belə ki, siyahıda Ukrayna internetin sürətinə görə ən yaxşı nəticə göstərən 37-ci ölkə olub. Ukraynada internetin orta sürəti 12,8 meqabitə (Mbps) bərabər olub.
Region ölkələrinin 196 ölkə arasındakı mövqeyi və internetin orta sürəti belə olub: 37. Ukrayna - 12,8 Mbps, 44. Rusiya - 11,8 Mbps, 50. Qazaxıstan - 10,6 Mbps, 52. Belarus - 9,8 Mbps, 61. Gürcüstan - 8,8 Mbps, 74. Türkiyə - 7,6 Mbps, 98. Azərbaycan - 5,7 Mbps, 103. Ermənistan - 5,2 Mbps, 109. İran - 4,7 Mbps, 125. Türkmənistan - 3,6 Mbps, 151. Tacikistan - 2,6 Mbps.
Məlumat üçün onu da qeyd edək ki, internetin ən sürətli olduğu ölkə Cənubi Koreya hesab olunur. Bu ölkədə internetin orta sürəti 28,5 Mbps-ə bərabərdir.
Görünən odur ki, internetin sürətinə görə Azərbaycan çox pis yerdə qərarlaşıb. İki il əvvəl Azərbaycanın adı heç 100 ölkə içində belə deyildi. Azərbaycanın kosmosda peyki olsa da, görünən odur ki, sanki bu sahədə vəziyyət dəyişməyib.
Maraqlıdır, ekspertlər Azərbaycanın internetin sürətinə görə 98-ci yerdə qərarlaşmasını nə ilə əlaqələndirirlər? Dünya ölkələri içərisində Azərbaycan niyə belə aşağı yerdədir?
Osman Gündüz: “Bu səbəbdən bir sıra ölkələrlə müqayisədə Azərbaycanda internetin sürəti aşağıdır”
Məsələyə münasibət bildirən “Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, ölkədə internetin sürətində ciddi problemlər var: “Problem ondadır ki, bizdə bununla bağlı liberal mühit yoxdur. Hələlik bazarda xüsusi çəki dövlət provayderlərinin üzərindədir. Yəni genişzolaqlı internetin çəkilməsi ilə bağlı məsələ yalnız dövlət provayderlərinin səlahiyyətindədir. Azərbaycanda 40-a qədər internet provayderi var, amma yalnız iki dövlət provayderi üstün hüquqa malikdir. Dövlət provayderlərinin də elə böyük resursları yoxdur ki, sürətli internet istifadəçilərinin sayını bir anda artırsınlar. Bu mümkün olan iş deyil. Çünki iki provayder nə qədərinə gücü çatırsa, onu edir. Bu səbəbdən bir sıra ölkələrlə müqayisədə Azərbaycanda internetin sürəti aşağıdır. Qonşu ölkələrdən çox geri qalırıq. Çıxış yolu özəl provayderlərin yeraltı kabel sistemindən istifadə etmələrinə icazənin verilməsindən keçir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi hələlik onlara belə bir icazə vermir. Yalnız dövlət provayderlərinə belə bir icazəni verir. O səbəbdən sözügedən məsələ ciddi problemə çevrilib. Düşünürəm ki, nazirlik bununla bağlı ciddi addımlar atmalıdır. Yeraltı kabel-kanal sistemindən istifadə ilə bağlı qaydalar hazırlanmalıdır. Təəssüf ki, hələlik elə bir qayda yoxdur. Bax, problemin kökü bundadır”.
Vidadi ORDAHALLI