Nəsimi rayon İcra Hakimiyyəti 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi ilə birlikdə məktəblilər üçün təşkil etdiyi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Məndə sığar iki cahan...” adlı incəsənət sahələri üzrə baxış-müsabiqəyə yekun vurub.
Baki-xeber.com-a Nəsimi RİH-dən verilən xəbərə görə, Zabitlər bağında müsabiqənin yekun mərhələsi – mükafatlandırılması ilə bağlı tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd Nəsimi yaradıcılığının bu gün gənc nəslin əxlaq tərbiyəsində böyük maarifçi əhəmiyyətini, onun əsərlərində hər kəsə özünü tanımaq yollarını göstərmək, kamil insan yetişdirmək, insanlardakı bacarıqları üzə çıxarmaq və onlara istiqamət verməkdən ibarətdir. Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva bildirib ki, şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığı elmi-ədəbi fikrin diqqət mərkəzindədir. Prezident İlham Əliyevin 11 yanvar 2019-cu il tarixli Sərəncamı ilə 2019-cu ilin görkəmli Azərbaycan şairi və mütəfəkkiri, Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən böyük ustad İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar “Nəsimi ili” elan edilməsinin şairə dövlət səviyyəsində verilən dəyərin, hörmət və ehtiramın ən yüksək ifadəsi olduğunu vurğulayan Gülarə Verdiyeva bu müsabiqədə bütün əməyi olanlara minnətdarlıq edib, uğur qazanmış məktəbliləri təbrik edib.
Daha sonra münsiflər heyətinin rəyilə Təsviri sənət və Bədii qiraət üzrə seçilmiş Nəsimi rayon məktəbliləri xüsusi diplomlarla təltif olunub. Tədbir 1 nömrəli Uşaq Gənclər və İnkişaf Mərkəzinin dərnək üzvlərinin hazırladığı kompozisiya və rəqslərlə davam edib.
Baki-xeber.com