20/06/2019 05:57
728 x 90

QİÇS-ə yoluxmuş uşaqlarımızın sayı artır, niyə…

Fatimə Hacıbəyli: “Küçə uşaqları arasında QİÇS-ə yoluxanlar...”

img

“QİÇS daşıyıcısı uşaqların sayının artmasının səbəblərindən biri də adıçəkilən xəstəlikdən əziyyət çəkən hamilə qadınların düzgün müalicə olunmaması ilə bağlıdır”

Dünyada yayılmaqda olan qorxulu infeksion xəstəliklərdən biri də QİÇS-dir. Bu xəstəliklə mübarizədə mühüm elmi uğurlar əldə edilsə də, hələ ki, tam müalicəsinə nail olmaq mümkün olmayıb. Hər il dünyada 2 milyon insan QİÇS-dən vəfat edir, o qədərdən də çox insan İİV infeksiyasına yoluxur, 400 min körpə bu virusun daşıyıcısı kimi dünyaya göz açır. Qeyd edək ki, İİV insanın immunçatışmazlığı virusudur, QİÇS isə qazanılmış immun çatışmazlığı sindromudur. Açıqlanan statistik rəqəmlərə əsasən, ötən illə müqayisədə QİÇS-ə yoluxmuş uşaqların sayında artım müşahidə edilib. Respublika QİÇS-lə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) Mübarizə Mərkəzində qeydiyyatda olan uşaqların sayında cari ildə artım olub. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin yaydığı məlumatda qeyd olunur ki, 2019-cu ilin əvvəlinə olan rəqəmlərə görə, qeydiyyatda olan belə uşaqların sayı 19-dur. Qeyd edək ki, 2009-cu ildə belə uşaqların sayı 4, 2014-cü ilin əvvəlində 14, 2018-ci ilin əvvəlində isə 18 olub. “Vəfa” Sosial İctimai Birliyinin rəhbəri Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, uşaqların QİÇS xəstəliyindən əziyyət çəkməsi təəssüf doğurur: “Əsasən, küçə uşaqları yoluxucu xəstəliklərə tutulur. Küçə uşaqlarının QİÇS-ə yoluxmamasının səbəbi onlar arasında azyaşlıların daha çox olmasıdır. Küçə uşaqları 2 qrupa bölünür; azyaşlılar və yeniyetmələr. Onlar da, demək olar, seks xidmətinə cəlb edilmirlər. Küçə uşaqları əsasən yapışqan iyləyir. Bu onların risq qrupuna daxil olması ehtimalını azaldır. Məlumdur ki, HİV-ə yoluxma cinsi yolla, venadaxili iynə vurulması, ana südü ilə, qadının hamiləliyi dövründə dölə keçməsi yoluyla, həmçinin yoxlanmamış donor qanı vasitəsilə baş verə bilir. Azyaşlılar arasında bu hallara yol verilmədiyindən, QİÇS-ə yoluxma halları da olmur. Küçə uşaqları arasında aparılmış monitorinqlərdə onlarda narkotik asılılığı da müəyyən edilməyib”. Həmsöhbətimiz onu da əlavə etdi ki, QİÇS daşıyıcısı uşaqların sayının artmasının səbəblərindən biri də adıçəkilən xəstəlikdən əziyyət çəkən hamilə qadınların düzgün müalicə olunmaması ilə bağlıdır: “Ana hamiləlik dövründə qəbul etdiyi preparatları doğuşdan sonra da atmağa davam etməlidir. Çünki dərmanı qəbul edib, sonra kəsmək xəstəliyin inkişafını daha da artıra ilər. Uşaq doğulduqdan sonra körpəyə müəyyən miqdarda dərmanlar verilir. QİÇS-li ananın diqqət etməli olduğu məsələlərdən biri də yoluxmanın qarşısını almaq üçün doğuşun keysəriyyə kəsiyi ilə həyata keçirilməsidir. Çünki doğuş yollarında ananın bioloji mayeləri uşağın həzm traktatına düşə və uşağı da yoluxdura bilər”.

Günel CƏLİLOVA

Son xəbərlər