25/08/2019 22:53
728 x 90

Qadın geyim mağazalarının “test otaqlarında” kamera biabırçılığı...

img

Bu gün gizli kameraların şəxsi həyatımıza müdaxiləsindən heç kim sığortalanmayıb. İctimai və rəsmi yerlərdə, tibb və təhsil müəssisələrində və s. kameraların quraşdırılması adi hal olub müsbət qarşılansa da, kameraların getdikcə hər yerdə - mağazalarda, kafe və restoranlarda olması əvvəlcə narahatlığa səbəb olurdu. Belə ki, insanlar sərbəst davranmaqdan çəkinib daim özlərinin izləndiyini hiss edirdilər. Tədricən buna alışsaq da, son zamanlar gizli kameraların geyim mağazalarının soyunub-geyinmə otağında yerləşdirilməsi səbrin daşmasına səbəb olub.

Bu günlərdə qadın geyim mağazasının soyunub-geyinmə kabinesinə yaxın məsafəda müşahidə kamerasının yerləşdirilməsi xəbəri “Zara” mağazasından gəldi. Adıçəkilən mağazanın soyunub-geyinmə kabinəsinə müşahidə kamerası quraşdırılması iddia olunur. Bakı sakini Xədicə Kərimova “Baku.ws”ə şikayətində bildirib ki, ticarət mərkəzlərinin birində yerləşən “Zara” mağazasında paltarı yoxlamaq üçün kabinəyə keçərək əynini dəyişib. Sonradan isə orada müşahidə kamerasının olduğunu görüb: “Axı nə səbəbə kimsə mənə baxmalıdır? Sonradan həmin görüntülərin internetdə yayılmayacağına kim zəmanət verir?”.

  • “Zara” mağazalar şəbəkəsi - Mətin Nurullayev: “Geyinib-soyunma otaqlarının yaxınlığında yerləşən nəzarət kameraları sırf mağazaların təhlükəsizliyinin təmin edilməsi üçün quraşdırılıb”

Məsələ ilə bağlı “Zara” mağazalar şəbəkəsinə müraciət etdik. “Zara” mağazalar şəbəkəsinin rəsmisi Mətin Nurullayev bildirdi ki, kameralar təhlükəsizliyin təmin edilməsilə əlaqədar quraşdırılıb: “Yayımlanan xəbərlə əlaqədar olaraq bildirmək istəyirik ki, şirkətin “Zara” mağazalarında, geyinib-soyunma otaqlarının yaxınlığında yerləşən nəzarət kameraları sırf mağazaların təhlükəsizliyinin təmin edilməsi üçün quraşdırılıb. Bu kameralar yalnız mağaza daxilində yerin, koridorların və giriş-çıxış zonalarının görüntülərini əhatə edir və mağazalardakı geyinib-soyunma otaqlarının (kabinələrinin) içini çəkmir”.

Qeyd edək ki, bu kimi hadisə dəfələrlə qeydə alınıb. Müxtəlif qadın geyim mağazalarının soyunub-geyinmə kabinesinə yaxın məsafədə kameraların quraşdırılması faktlarına rast gəlmişik.

  • Eyyub Hüseynov: “Geyim mağazalarının soyunub-geyinmə otağında gizli kameraların quraşdırılması istehlakçıların hüquqlarının birmənalı şəkildə pozulmasıdır”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, geyim mağazalarının soyunub-geyinmə otağında gizli kameraların quraşdırılması yolverilməzdir: "Bu, insanların şəxsi həyatına kobud müdaxilədir. Gizli kameraların belə yerlərdə quraşdırılması istehlakçıların hüquqlarının birmənalı şəkildə pozulmasıdır. İstehlakçılar belə mağazalara getməməli, onları boykot etməlidirlər".
Günel CƏLİLOVA

Son xəbərlər