Mayın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin (ADPK) tələbələrinin ifasında universitetdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Cəfər Cabbarlının “Solğun çiçəklər”əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdirilib.
ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsindən “Bakı Xəbər”ə verilən məlumata görə, Universitet rəhbərliyi, müəllim və tələbələr tamaşanı izləyib. Tamaşanın rejissoru Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) professoru, Xalq artisti Məmməd Səfadır.
Xatırladaq ki, Prezident İlham Əliyev dekabrın 17-də milli dramaturgiyamızın təşəkkülündə və inkişafında yeni mərhələnin başlanğıcını qoymuş Cəfər Cabbarlının 120 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. ADPU-da nümayiş etdirilən bu tamaşa da həmin Sərəncama uyğun olaraq keçirilib.
Qeyd edək ki, Cəfər Cabbarlının digər əsərləri kimi, “Solğun çiçəklər” də müasir dövrümüzdə aktuallığını saxlayır.Tələbələr rollarının öhdəsindən bacarıqla gəliblər. Onların yaratdığı maraqlı və təsirli səhnələr izləyicilər tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb.
Tamaşanın nümayişindən sonra Sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev rejissor Məmməd Səfaya və tələbə-gənclərə tamaşanın yüksək səviyyədə təqdimatına görə təşəkkür edib, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayıb.
Baki-xeber.com