Qloballaşan dünyanın dəhşətli problemlərindən biri də insan alveri ilə bağlıdır. Sahə gəlirli olduğundan, bu yolla pul qazananların sayı da getdikcə çoxalır. Heç təsadüfi deyil ki, bu gün dünyada insan alveri öz miqyasına görə silah alverindən sonra ikinci geniş və ən çox gəlir gətirən sahə hesab olunur.
Əslində, insan alverinin bir neçə növü var: insanların məcburi əməyə cəlb edilməsi, əməyin istismarı, azyaşlı uşaqların satılması və sair. İnsan alverinin ən çirkin üsullarından biri isə qadın alveridir. Bəli, bu bəla artıq bütün dünyanı cənginə alıb. Bu ağır cinayət hadisələri Azərbaycanda da az deyil. Bu problemin həll olunması üçün aidiyyəti qurumlar lazımi işlər görür. İnsan alveri qurbanlarına dəstək olmaq üçün Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin 152 “Qaynar xətt”i yaradılıb. Bu xidmətin yaradılmasında məqsəd insan alveri cinayətindən zərər çəkmiş şəxslərə, insan alverinin ehtimal olunan qurbanlarına və potensial qurbanlarına, xüsusən qadın və uşaqlara yardım məqsədilə məlumat-məsləhət xidməti göstərməkdir. “Qaynar xətt” həftənin bütün günləri 24 saat ərzində yalnız respublika ərazisində ödənişsiz xidmət göstərir, dünyanın hər bir ölkəsindən zəngləri qəbul edir.
Ekspertlər dünyanın istənilən ölkəsində insan alveri qurbanı olan şəxslərə yardım olunması üçün “Qaynar xətt”in yaradılmasını müsbət qarşılayırlar.
Şəmsəddin Əliyev: “Müəyyən səbəblərdən insan alverinin qurbanına çevrilən şəxs düşdüyü vəziyyətdən qurtulmaq üçün 152 nömrəsilə əlaqə saxlayaraq həm özünü xilas etmiş olar, həm də cinayətkarları ifşa edər”
"Polisə dəstək" İctimai Birliyinin sədri Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bütün dövlətlər çalışırlar ki, insan alverinin qarşısı alınsın. Bu istiqamətdə ölkəmizdə də mühüm işlər görülür: “Daxili İşlər Nazirliyi insan alveri ilə mübarizədə lazımi işlər görür. Bu işlərdən biri də beynəlxalq arena üçün “Qaynar xətt”in yaradılmasıdır. Müəyyən səbəblərdən insan alverinin qurbanına çevrilən şəxs düşdüyü vəziyyətdən qurtulmaq üçün 152 nömrəsilə əlaqə saxlayaraq həm özünü xilas etmiş olar, həm də cinayətkarları ifşa edər”.
Günel CƏLİLOVA