Son illər Azərbaycanda fəaliyyət göstərən özəl klinikalarda yerli həkimlərlə yanaşı, türkiyəli mütəxəssislərin də işləməsinin şahidi oluruq. O həkimlər özəl klinikalar tərəfindən xüsusi olaraq dəvət olunur. Gizlin deyil ki, azərbaycanlı pasientlər türkiyəli həkimlərə daha çox güvəndiyinə görə müayinə və müalicə üçün onların xidmətindən yararlanmağa üstünlük verirlər.
Araşdırmalara görə, son illər paytaxt xəstəxanalarında çalışan türk həkimlərinin sayı artıb. Xarici həkimlərin Azərbaycan səhiyyəsinə marağı artıb. Müxtəlif klinikalarda Türkiyənin məşhur həkimləri çalışırlar. Xəstələr də dərdlərinə əlac tapılması üçün həmin həkimlərə müraciət edirdilər. Məlumatlara görə, son zamanlar türkiyəli həkimlər artıq özəl klinikalardan ayrılaraq öz vətənlərinə geri qayıdırlar.
Bu halın "Ege” Hospitalda da yaşandığı bildirilir. Qeyd olunur ki, xəstəxanada işləyən türkiyəli həkimlər Azərbaycanı tərk etməyə başlayıblar.
Mediada yayılan məlumatlarda qeyd olunur ki, xəstəxanada işləyən türkiyəli həkimlərin Azərbaycanda işləməyə icazə almaqda çətinliklər yaşaması və zaman-zaman rəhbərliklə yaşadıqları maliyyə problemləri onları ölkələrinə qayıtmağa sövq edib. Bildirilir ki, türkiyəli həkimlərin ölkələrinə qayıtmalarının bir səbəbi də onlara verilən böyük vədlərin yerinə yetirilməməsidir.
"Ege” Hospitalda çalışan türkiyəli həkimlərin nə səbəbdən adıçəkilən klinikadan uzaqlaşmasını öyrənmək üçün xəstəxanaya müraciət etdik.
“Yeni müqavilə əsasında xəstəxanada türkiyəli həkimlər çalışacaqlar”
"Ege” Hospitaldan “Bakı-Xəbər”ə verilən məlumata görə, türkiyəli həkimlər xəstəxananı tərk etmirlər: “Sadəcə, həmin həkimlər müqavilə əsasında xəstəxanada çalışırdılar. Müqavilənin müddəti bitdiyi üçün həmin həkimlərlə əməkdaşlıq dayanır. Ancaq bu o demək deyil ki, "Ege” Hospitalda türk həkimləri olmayacaq. Yeni müqavilə əsasında xəstəxanada türkiyəli həkimlər çalışacaqlar”.
Günel CƏLİLOVA