Avtomobilə aid dövlət nömrə nişanının elan saytlarında satılmasına sosial şəbəkədə dəfələrlə rast gəlmişik. Müxtəlif seriyalı və “zerkalnıy” avtomobil nömrələri sosial şəbəkə üzərindən satışa çıxarılır. Bəllidir ki, avtomobil nömrələrinin internet üzərindən alışı və satışı qanunvericiliklə qadağandır. Bu əməli qanunsuz yolla gəlir əldə etmək istəyənlər edir.
Qanunsuz yolla gəlir əldə etmək istəyənlərin satışa çıxardığı avtomobil nömrələrinin qiyməti, nə az, nə çox, 200 min AZN-dən başlayır. Sosial şəbəkələrdə avtomobil nömrələrinin satışı barədə David Xamelenko adlı şəxs elan yerləşdirib. Elanda qeyd olunur ki, aşağıdakı avtomobil nömrələri satılır. Ən bahalı nömrə 99 TT 999-dur - 230 min manat. Satışda olan digər nömrələrin siyahısı isə belədir:
99 LL 999 - 200 min AZN, 99 VV 999 – 200 min AZN, 99 UU 999 – 200 min AZN.
Bu siyahının nə dərəcədə real olduğunu demək çətin olsa da, bəlli olan budur ki, Azərbaycanda nömrə alveri geniş yayılıb.
Ekspertlər isə bildirirlər ki, avtomobil nömrələrinin internet üzərindən satışa çıxarılması qanunsuzdur. Bunu edən şəxs varsa, o, ciddi qanun pozuntusuna yol verir. “Yol hərəkəti haqqında” Qanunun 27-ci və 29-cu maddələrində də göstərilir ki, avtomobil üzərindəki nömrə ilə satıla bilər. Nömrəni ayrıca satmaq isə qanunla qadağandır.
Azər Allahverənov: “İnternet üzərindən açıq şəkildə avtomobil nömrələrini satışa çıxaran şəxslə bağlı sərt tədbir görülməlidir”
Ekspert Azər Allahverənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu gün qanunsuz yolla avtomobil nömrələri satılır: “Təəssüf ki, işbazlar qanunvericilikdə olan bəzi boşluqlardan istifadə edirlər. Ancaq bu yolverilməzdir. Avtomobil nömrələrinin satılması Dövlət Yol Polisinin səlahiyyətinə aid olunan məsələdir. Avtomobil nömrəsi üçün müəyyən edilən rüsum isə hərflərin və nömrələrin düzülüşünə uyğun olaraq təyin olunur. Ayrı-ayrı şəxslərin qanunsuz şəkildə nömrə satışı ilə məşğul olıması yolverilməzdir”.
Həmsöhbətimizin sözlərinə görə, internet üzərindən avtomobil nömrələrinin satılması düzgün deyil. Ekspert hesab edir ki, internet üzərindən açıq şəkildə avtomobil nömrələrini satışa çıxaran şəxslə bağlı sərt tədbir görülməlidir.
Günel CƏLİLOVA