20/06/2019 05:41
728 x 90

Eldar Əzizov Prezidentin tapşırığı ilə qanunsuz tikililərlə bağlı əsaslı prosesə start verib

“Sözügedən işlərin sürətləndirilməsi ilə bağlı verilən tapşırıq qısa müddətdə bu məsələnin öz həllini tapmasına kömək edəcək”

img

“Sənədsiz evlərlə bağlı xüsusi komissiya yaradılıb”. Bunu mətbuata açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov bildirib.

E.Əzizov bununla bağlı Prezident İlham Əliyevdən xüsusi tapşırıq aldığını vurğulayıb: “Bir neçə gün əvvəl cənab Prezident məni şəxsən çağırıb və yerlərdə mütəmadi görüşlər keçirməyi tapşırıb. 10 il, 20 il, 30 il yaşadığı evi rəsmiləşdirə bilməyən sakinlər var. Hazırda məsələ ilə bağlı yaradılmış komissiya çalışır. Prezident İlham Əliyev tərəfindən sənəd hazırlanır. Əminəm ki, yaxın günlərdə sənədsiz evlər məsələsi bütün ölkə üzrə birdəfəlik öz həllini tapacaq”.

İcra başçısının açıqlamasından o da məlum olub ki, vətəndaşlardan meriyaya daxil olan müraciətlərin böyük əksəriyyəti məhz sənədsiz evlərlə bağlıdır.

Onu da qeyd edək ki, rəsmi məlumatlara görə, hazırda təkcə paytaxt və paytaxtətrafı ərazilərdə tikilmiş, sənədləşdirilməsi mümkün hesab edilən evlərin sayı 700 mindən çoxdur. 2011-cü ildə bununla bağlı dövlət başçısı müəyyən rəsmi qurumlara tapşırıqlar verdi. Ancaq bu məsələ öz həllini tapmadı. Sözügedən məsələ bu il fevralın 19-da dövlət başçısının çoxmərtəbəli evlərin istismara verilməsinin asanlaşdırılması barədə sərəncamından sonra yenidən aktuallaşıb. Görünən odur ki, sənədsiz evlər məsələsinin yoluna qoyulması qəti şəkildə müvafiq qurumlardan tələb edilir. O baxımdan bununla bağlı görülən işləri ekspertlər necə dəyərləndirirlər? Problem öz həllini tapacaqmı?

  • Tahir Mirkişili: “Fərdi evlərin sənədləşdirilməsi ilə bağlı ciddi problem olmamalıdır”

Məsələyə münasibət bildirən millət vəkili Tahir Mirkişilinin sözlərinə görə, sözügedən məsələnin həll edilməsi vacibdir: “Ancaq bu məsələnin həlli edilməsi üçün müəyyən dövrdə texniki işlər də görülməlidir. Ona görə də hesab edirəm ki, texniki işlər başa çatdıqdan sonra sənədsiz evlərin sənədləşdirilməsi öz həllini tapacaq. İstər binaların, istərsə də fərdi evlərin tikilməsi ilə bağlı texniki tələblər və standartlar var. Binalarla bağlı bir sıra işlər aparılıb. Qalıb fərdi evlər məsələsi. Bütün hallarda, sözügedən işlərin sürətləndirilməsi ilə bağlı verilən tapşırıq qısa müddətdə bu məsələnin öz həllini tapmasına kömək edəcək. Digər tərəfdən, hesab edirəm ki, fərdi evlərin sənədləşdirilməsi daha rahat olmalıdır. Məsələ ondadır ki, çoxmənzilli binalara qoyulan tələblərlə, fərdi evlərə qoyulan tələblər arasında böyük fərq var. Nəzərə almaq lazımdır ki, fərdi evlərin tikintisinin asanlaşdırılması ilə də bağlı qanunvericiliyə dəyişikliklər edilib. Hündürlüyü 12 metrə çatan fərdi evlərin tikilməsi ilə bağlı icazə sistemi və memarlıq proyektləri daha asan bir formada həyata keçirilir. Bu baxımdan hesab edirəm ki, fərdi evlərin sənədləşdirilməsi ilə bağlı ciddi problem olmamalıdır”.

Vidadi ORDAHALLI

Son xəbərlər