23/07/2019 20:33
728 x 90

Ədliyyə naziri Fikrət Məmmədov Lənkəranda Prezident Fərmanı ilə bağlı maarifləndirici tədbir keçirdi... - FOTO

Məhkəmə-hüquq islahatlarının sahibkarların hüquqlarının etibarlı müdafiəsinə təminat verdiyi bəyan edildi

img

Mayın 16-da Lənkəran şəhəri Heydər Əliyev Mərkəzində Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şurasının təşkilatçılığı ilə "Vətəndaşların və sahibkarların hüquqlarının müdafiəsində Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 03.04.2019-cu il tarixli Fərmanının əhəmiyyəti" mövzusunda ictimai müzakirələr keçirilib.

Ədliyyə Nazirliyi Mətbuat xidmətindən “Bakı-Xəbər”ə verilən məlumata görə, tədbirdə Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, nazir müavinləri və nazirliyin digər məsul şəxsləri, Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Şirvan Apelyasiya və ətraf rayon məhkəmələrinin sədrləri, hakimlər, vəkillər, regional və yerli ədliyyə qurumlarının rəhbərləri, çoxsaylı sahibkarlar, vətəndaş cəmiyyətinin və ictimaiyyətin digər nümayəndələri, KİV-lər iştirak edib.

Tədbirdə dövlət başçısının Fərmanının məhkəmələrə əlçatanlığın və müraciət imkanlarının yaxşılaşdırılmasında rolu, sahibkarların hüquqlarının müdafiəsində məhkəmə təminatının vacibliyi, məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılmasının sahibkarların və digər tələbkarların hüquqlarının bərpasında əhəmiyyəti, məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsində müasir texnologiyaların tətbiqi barədə çıxışlar edilib, "Elektron məhkəmə", "Elektron icra" informasiya sistemlərinin imkanları və ədliyyə sahəsində digər innovasiyalar əyani təqdimatla nümayiş etdirilib.

Bildirilib ki, son vaxtlar sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrin həllinin tezləşdirilməsi ilə bağlı mühüm addımlar atılıb, o cümlədən iqtisadi mübahisələr üzrə işlərə elektron qaydada baxılmasına keçilib, sahibkarların hüquqlarının təmin olunmasında məhkəmə qərarlarının icrasının yaxşılaşdırılması üzrə tədbirlər görülüb.

Sonra tədbir iştirakçıları ilə sual-cavab sessiyası keçirilib, müzakirələr aparılıb. Qeyd olunub ki, dövlət başçısının Fərmanına əsasən vergi və gömrük ödənişləri, habelə sahibkarlıq fəaliyyəti ilə bağlı digər mübahisələrə dair işlər üzrə ixtisaslaşmış məhkəmənin yaradılması, bu məqsədlə mülki-prosessual qanunvericiliyin təkmilləşdirilməsi sahibkarların hüquqlarının etibarlı müdafiəsinə, onların məhkəmələrə müraciət imkanlarının genişləndirilməsinə xidmət edir.

Tədbirə yekun vuran nazir Fikrət Məmmədov məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələ olan ölkə Prezidentinin Fərmanının icrası nəticəsində ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılmasına, əlçatanlığın asanlaşdırılmasına, yüksək vətəndaş məmnunluğuna, sahibkarlığın inkişafının sürətlənməsinə nail olunacağını vurğulayıb.

Baki-xeber.com

Son xəbərlər