Baş Prokurorluq SOCAR barədə yazılar məsələsində baş redaktor Anar Məmmədovla münasibətə aydınlıq gətirdi...

Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş Anar Məmmədov baş redaktoru olduğu “Criminalaz.com” internet saytında və “facebook” sosial şəbəkəsinin özünə aid səhifəsində guya Bakı şəhər prokurorluğunda SOCAR-la əlaqədar məqalələrin dərc edilməsinə irad bildirilməsinə dair yalan informasiyalar yayıb.
Həmin məlumatlar həqiqəti əks etdirmədiyindən tərəfimizdən təkzib edilir.
Baş Prokurorluqda aparılmış araşdırmalarla müəyyən edilib ki, məhkəmənin qeyd edilən hökmü ilə Bakı Şəhər Prokurorluğunda iş üzrə saxlanan maddi sübut - “MacbookPro” markalı kompyuterin hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi Anar Məmmədova qaytarılması nəzərdə tutulduğundan, sonuncu müraciəti əsasında Şəhər Prokurorluğuna dəvət olunub. Aparılmış söhbət zamanı məhkəmənin hökmündən A.Məmmədov tərəfindən apelyasiya şikayəti verildiyi müəyyən edildiyindən və beləliklə hökm qanuni qüvvəyə minmədiyindən, maddi sübut ona qaytarılmayıb.
İstər 15 may 2019-cu ildə, istərsə də əvvəlki tarixlərdə Anar Məmmədova baş redaktoru olduğu internet saytında hər hansı məlumatların, o cümlədən SOCAR-la bağlı yazıların dayandırılması tövsiyə olunmayıb.
Baş Prokurorluq kütləvi informasiya vasitələrinin nümayəndələrinə bir daha xatırladır ki, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, yalan və qərəzli yazılar, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə yolverilməzdir.
Baki-xeber.com