Balaxanı qəsəbəsinin “böyük avtobuslar” problemi, əslində, böyük problem kimi...

Bakıətrafı kəndlərə xidmət edən avtobusların fəaliyyəti ilə bağlı zaman-zaman yazılıb. Son illər bununla bağlı bəzi işlər görülüb. Belə ki, avtobuslar yenilənib, sayı artırılıb, xətlərə iritutumlu avtobuslar buraxılıb və s. Halbuki, əvvəllər Bakıətrafı kənd və qəsəbələrə işləyən marşrut xətlərinin müəyyən qismində avtobusların vəziyyəti ilə bağlı texniki problemlər mövcud idi. Bu da bir sıra problemlər yaradırdı.
Görülən tədbirlər çərçivəsində 150, 101, 187, 173, 189, 131, 172 saylı marşrutların işi yenidən quruldu. Sözügedən marşrut xətlərinə iritutumlu avtobuslar buraxıldı. Aradaki interval azaldıldı. Bütün bunlar sərnişin sıxlığının azalmasına müsbət təsir göstərdi.
- Elmar Zahidov: “Avtobusların ortatutumlu olması səbəbindən heç bir marşrut xəttində 216 saylıdakı qədər basabas olmur”
Ancaq görünən odur ki, bu yöndə həyata keçirilən tədbirlər heç də bütün Bakıətrafı kənd və qəsəbələri əhatə etməyib. Sözügedən məsələ ilə bağlı qəzetimizə şikayət edən Sabunçu rayonu, Balaxanı qəsəbəsi sakini Elmar Zahidov marşrut xəttinin fəaliyyətindən narazı olduğunu bildirdi. Onun sözlərinə görə, qəsəbəyə 2 marşrut işləyir: “Bunlardan biri 216, o biri isə 105 saylı marşrut avtobuslarıdır. Belə ki, “8-ci kilometr” bazarının yanından qəsəbəmizə 105 saylı marşrut avtobusu işləyir. 216 saylı avtobus isə “Koroğlu” metrostansiyasından Yeni Balaxanı qəsəbəsinə işləyir. Sakinlər əsasən 216 saylı avtobusdan istifadə edirlər. Həmin avtobusa minmək üçün sakinlər hər gün bir neçə kilometr yol qət etməli olurlar. Uşaqlar hər gün məktəbə getmək üçün xeyli yolu piyada getməli olurlar. Qəsəbə sakinləri bir çox hallarda taksilərdən istifadə edirlər ki, bu da onları əlavə xərcə salır”.
E. Zahidovun sözlərinə görə, marşrut xəttində olan avtobusların tutumu balacadır: “İstər 216, istərsə də 105 saylı marşrut xəttində olan avtobuslar ortatutumludur. Bu da basabas yaradır. Əgər xəttə böyük avtobuslar buraxılsa, belə çətinliklərlə üzləşmərik. Axşamlar yorğun işdən qayıdanda avtobusa minmək olmur. O dərəcədə basabas olur. Siz fikir versəniz görərsiniz ki, avtobusların ortatutumlu olması səbəbindən heç bir marşrut xəttində 216 saylıdakı qədər basabas olmur. Bunun başlıca səbəbi avtobusların ortatutumlu olmasıdır. İritutumlu avtobuslar olsa, bu boyda basabas da olmaz. Qəsəbədə yaşayan əhalinin sayı çox olduğuna görə belə avtobuslarla get-gəl etmək çox çətindir. Sıxlıq üzündən səhərlər işə getmək, axşamlar işdən evə qayıtmaq müşküldür. Buna görə xeyli vaxt itiririk. Hansı ki, iritutumlu avtobuslar olsa, bu qədər çətinlik çəkmərik”.
- Mais Ağayev: “Sözügedən problemlərin həlli ilə bağlı iş aparılır”
Sözügedən məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayevlə əlaqə saxladıq. O bununla bağlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, sakinlər yaranan problemlə əlaqədar quruma rəsmi müraciət etməlidirlər: “Ümumilikdə, paytaxtda avtobusların yenilənməsi işləri gedir. Yaxın vaxtlarda komfortlu yeni avtobuslar gətiriləcək. Həmin avtobuslar gətirilən zaman narahatlıq doğuran xətlər yenilənəcək. Bütün hallarda, sözügedən məsələ ilə bağlı yaxşı olardı ki, Balaxanı qəsəbəsi sakinləri agentliyə rəsmi müraciət etsinlər və onların üzləşdiyi problemə baxılsın. Ümumilikdə, onları narahat edən məsələ bizə məlumdur. Biz də bilirik ki, bununla bağlı yaranan problem onları narahat edir. Ona görə də sözügedən problemlərin həlli ilə bağlı iş aparılır”.
Vidadi ORDAHALLI