“Azərbaycanda əhalinin həyat səviyyəsinin yaxşılaşmasının səbəbi ölkədə aparılan sosial-iqtisadi islahatlarla bağıdır”
Son illərdə Cənubi Qafqaz ölkələri arasında daha çox Azərbaycan əhalisi həyat şəraitindən razıdır. Bu barədə Dünya Bankının “South Caucasus in Motion” hesabatında deyilir. Hesabata əsasən, Azərbaycanda rəyi soruşulanların 43 faizi valideynlərinin dövrü ilə müqayisədə daha yaxşı yaşadığını deyib. 14 faiz şərtlərin dəyişmədiyini, 24 faiz isə şərtlərin daha pis olduğunu bildirib. Ermənistanda respondentlərin 62 faizi həyat şərtlərinin pisləşdiyini, 9 faizi dəyişikliklərin olmadığını və yalnız 26 faizi valideynlərindən daha yaxşı yaşadıqlarını bildirib. “South Caucasus in Motion” hesabatında Azərbaycanda əhalinin həyat səviyyəsinin Ermənistan və Gürcüstandan irəlidə olması gözləniləndir. Sosial sahə üzrə ekspert Azər Allahverənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bir çox nüfüzlu beynəlxalq təşkilatların hesabatlarında da insanların həyat səviyyəsinin yaxşılaşması haqqında məlumat yayılır: “İnsanların həyat səviyyəsinin yaxşılaşması bir çox aspektdən araşdırılıb. “South Caucasus in Motion” hesabatında rəyi soruşulanların 43 faizi Azərbaycanda valideynlərindən yaxşı həyat yaşadığını, 14 faizi şərtlərin dəyişmədiyini, 24 faizi isə şərtlərin nisbətən zəif olduğunu bildirib. Ermənistanda aparılan sorğular zamanı respodentlərin 62 faizi həyat şəraitinin zəif olduğunu, 9 faizi heç bir dəyişikliyin olmadığını, 26 faizi isə valideynlərinin yaxşı yaşadığını qeyd edib. Eyni vəziyyət Gürcüstanda da müşahidə olunub. Belə ki, 52 faiz həyat şəraitinin pisləşdiyini, 11 faiz dəyişikliyin olmadığını, 34 faiz isə valideynlərin yaxşı yaşadığını bildirib. Üç ölkə arasında aparılan müqayisə göstərir ki, Azərbaycanda əhalinin həyat səviyyəsi daha yaxşıdır”.
Həmsöhbətimiz onu da vurğuladı ki, Azərbaycanda əhalinin həyat səviyyəsinin yaxşılaşmasının səbəbi ölkədə aparılan sosial-iqtisadi islahatlarla bağıdır: “Gələcəkdə tərtib olunacaq hesabatlarda, sorğularda ölkə əhalisinin həyat səviyyəsinin daha da yaxşı olacağı qeyd olunacaq. Çünki son zamanlar əhalinin sosial müdafiəsi istiqamətində atılan addımlar, açılan və açılacaq iş yerləri əhalinin güzəranına müsbət təsir edəcək”.
Günel CƏLİLOVA