Metropolitendə Polis Şöbəsinə müraciət edən Kürdəmir rayon sakini Q.Əzizova mayın 4-də metronun “28 May” stansiyasının platformasında çantasından içərisində pulu, bankomat kartları və sənədləri olan pulqabısının oğurlandığını bildirib.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb və qısa müddətdə bu cinayət əməlini törədən şəxs müəyyən edilib.
Metropolitendə Polis Şöbəsi və Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər narkotiklərlə bağlı cinayətə görə məhkum olunmuş Eynulla Hüseynov saxlanıb.
Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdiyi digər əməliyyat tədbiri nəticəsində isə aprelin 13-də metronun “28 May” stansiyasının platformasında Abşeron rayon sakini M.Mirzəyevin mobil telefonunu oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Mehdi Cəfərov saxlanıb.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun aprelin 22-də “28 May” stansiyasının platformasında Abşeron rayon sakini S.Nəbizadənin cibindən mobil telefonunu oğurladığı da müəyyən edilib.
Faktlarla bağlı araşdırmalar aparılır.