Son günlər sosial şəbəkədə “Sabina Perfumery & Cosmetics” mağazalarında vaxtı keçmiş məhsulların alıcılara hədiyyə kimi təqdim olunması barədə məlumat yayılır.
Bakinka Əliyeva soyadlı xanım “Facebook” səhifəsində etdiyi paylaşımda “Sabina Perfumery & Cosmetics” şirkəti ilə bağlı ittiham səsləndirib. Paylaşımı çoxsaylı “Facebook” istifadəçisi tərəfindən müzakirə olunub və əksəriyyət də şərhlərində “Sabina Perfumery & Cosmetics” haqda tənqidi fikirlər bildirib.
İstifadəçilər paylaşımın haqlı olduğunu, bəziləri isə adıçəkilən şirkətin məhsullarını alarkən oxşar hallarla rastlaşdığını yazıblar. Bir çoxu “Sabina Perfumery & Cosmetics”in istehlakçıları aldatdığını və mallarını alıcılara sırıdığını bildirib. Şərh yazanlar arasında məhsulu qaytarmağı məsləhət verənlər və bu şirkətin məhsullarını almamağı tövsiyə edənlər də olub.
Şikayətçinin yazdığı statusu olduğu kimi təqdim edirik: “Mənim şikayətim “Sabina Perfumery & Cosmetics” şirkətindəndir. 5-ci gün (3 may) “Sabina Perfumery & Cosmetics”in dükanından alış-veriş etdim. Kassada mənə kremi hədiyyə kimi verdilər. Məlum oldu ki, kremdən son istifadə tarixi keçib. Vaxti kecmiş mallarını tullamaga deyəsən heyifləri gəlir, camaata hədiyyə kimi verirler. Ayıb olsun”.
Elçin Qurbanov: “Sabina Perfumery & Cosmetics” mağazasında vaxtı keçmiş məhsul yoxdur”
B.Əliyeva adlı şəxsin şikayətini nəzərə alıb “Sabina Perfumery & Cosmetics” mağazalar şəbəkəsi ilə əlaqə saxladıq. Mağazanın müdir müavini Elçin Qurbanov “Bakı-Xəbər”ə açıqlamasında sosial şəbəkədə yazılanların həqiqət olmadığını dilə gətirdi: “Ümumiyyətlə, “Sabina Perfumery & Cosmetics” mağazasında vaxtı keçmiş məhsul yoxdur. İstifadə müddəti bitməsinə 1 həftə qalmış kosmetik məhsullar satışdan yığışdırılır. Maraqlıdır, satışdan yığışdırılmış məhsul alıcıya necə hədiyyə kimi təqdim olunub?”.
Eyyub Hüseynov: “Saxta, vaxtı bitmiş məhsulların satılması hazırda brend dükanlarda daha çox baş verir”
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, azad bazar iqtisadiyyatı inkişaf etdikcə, bu seqmentlərdəki mənfi hallar əvvəlki illərə nisbətən artaraq pisə doğru dəyişib. Onun sözlərinə görə, hazırda ölkədə fəaliyyət göstərən brend mağazalarda da saxta ətirlərə rast gəlmək mümkündür: “Əhali bilməlidir ki, ərzaq məhsulları kimi, ətirlərin də istifadəyə yararlılıq müddəti olur. Müştərilər göstəriciləri uyğun olmayan belə ətirləri almaqdan imtina etməlidirlər. Saxta, vaxtı bitmiş məhsulların satılması hazırda brend dükanlarda daha çox baş verir. “Sabina” parfümeriya və kosmetika mağazalar şəbəkəsindən şikayət daxil olub. Deməli, bu şirkət vətəndaşa krem satıb və müştəri də məhsulu alandan sonra müəyyən kodlarla axtarış verərək baxıb ki, onun vaxtı may ayında artıq bitib”.
E.Hüseynov hesab edir ki, bazarın parfümeriya malları seqmenti ən çirklənmiş seqmentlərdən biridir.
Günel CƏLİLOVA