Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ərəfəsində Ədliyyə Nazirliyində ədliyyə sahəsində könüllü fəaliyyətə cəlb olunmuş növbəti böyük bir qrup gənclə görüş keçirilib.
Ədliyyə orqanlarında könüllülərin fəaliyyətə geniş təşviq edildiyini bildirən nazir müavini Toğrul Musayev ölkə başçısının bu ilin fevralında gənclərlə keçirdiyi respublika toplantısında verdiyi tapşırıqlara və çağırışlara uyğun olaraq görülən işlər barədə məlumat verib, gənclərin ədliyyə sahəsində könüllü fəaliyyət üçün birbaşa elektron qaydada müraciət etmək imkanlarının yaradıldığını, müvafiq ali təhsil müəssisələri və tələbə-gənclər təşkilatları, eləcə də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə səmərəli əlaqələrin genişləndirildiyini bildirib.
Hazırda 600-dən çox ədliyyə könüllüsü nazirliyin aparatında, icra və probasiya xidmətlərində, qeydiyyat və notariat orqanlarında, Ədliyyə Akademiyasında və regional ədliyyə idarələrində, habelə "ASAN School" proqramı çərçivəsində müvafiq məhkəmə aparatlarında fəaliyyətə cəlb olunub.
Nazir müavini gənclərə zəruri təcrübə toplamaları, milli və vətənpərvərlik ruhunda tərbiyə almaları, xalqa və dövlətə bağlılığı, müstəqilliyimizin möhkəmləndirilməsi, ədliyyə idarəçiliyində şəffaflığın və vətəndaş məmnunluğunun artırılmasında, ictimai nəzarətin həyata keçirilməsində fəal iştirak etmələri barədə tövsiyələr verib.
Tədbirdə iştirak edən "ASAN Könüllüləri" Təşkilatının sədri Səbinə Cabarova son illər Azərbaycanda könüllülər hərəkatının geniş vüsət aldığını, minlərlə gəncin müxtəlif təşkilatlarda, o cümlədən "ASAN Könüllülər" şəbəkəsində fəaliyyətə cəlb edildiyini bildirib, bu sahədə Ədliyyə Nazirliyi ilə səmərəli əməkdaşlığı qeyd edib.
Ədliyyə naziri yanında İctimai Komitənin üzvü Şahin Camalov ədliyyə fəaliyyətində, o cümlədən qulluğa qəbul prosesində hər zaman şəffaflığa, ictimai iştirakçılığa böyük önəm verildiyini, gənclərə gələcək karyeralarını qurmaları işinə xüsusi qayğı ilə yanaşıldığını vurğulayıb.
Eyni zamanda, ədliyyə könüllülərinin fəaliyyət göstərdikləri sahələr üzrə təşəbbüsləri, innovativ ideyaları və təklifləri dinlənib, gənclərin uğurla fəaliyyət göstərəcəklərinə, müstəqil Azərbaycanımızın hərtərəfli inkişafı üçün sədaqətlə və əzmkarlıqla çalışacaqlarına əminlik ifadə olunub.
Sonda ədliyyə könüllülərinə xüsusi hazırlanmış suvenirlər, həmçinin vəsiqə və nişan təqdim olunub, xatirə şəkli çəkdirilib.