Azərbaycanda “Halal” sertifikatının verilməsinə dair mexanizmlərin formalaşdırılması və tətbiqi nəzərdə tutulur. Bu, "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb. Bu məsələdə əsas icraçı qurum Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyidir.
Digər icraçılar isə Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyidir. Qafqaz Müsəlmanları İdarəsinin bu mexanizmlərin formalaşdırılmasında iştirakı tövsiyə edilib. Mexanizmlərin formalaşdırılması 2019-2020-ci illəri əhatə edir.
Qeyd edək ki, Dövlət Proqramı üzrə 2025-ci ilədək strateji baxış əhalinin sağlam və təhlükəsiz qida ilə tam təmin edilməsinə və bununla da qida mənşəli xəstəliklərin nəzərəçarpacaq dərəcədə azalmasına, habelə kənd təsərrüfatı və qida məhsullarının məhsuldarlığının və rəqabət qabiliyyətinin artırılmasına, inkişaf etmiş ölkələrin bazarlarına ixrac həcminin artırılmasına nail olmağı nəzərdə tutur.
Maraqlıdır, qidanın halal olub-olmadığını müəyyən etmək olarmı? Bununla bağlı parametrləri, mexanizmi necə müəyyən etmək olar?
Eyyub Hüseynov: “O qədər də real hesab etmirəm ki, Qida Təhlükəsizliyi Agentliyi bunun öhdəsindən gəlsin”
Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynovun sözlərinə görə, bu o qədər də asan məsələ deyil: “Məhsulların tərkibində zərərli maddələrin olub-olmaması, onların saxlanma müddətinə uyğunluğu laboratoriyada test edilərək üzə çıxarılmalı və bundan sonra sertifikatlaşma aparılmalıdır. Mümkündür ki, heyvan kəsimi islam qaydalarına uyğun həyata keçirilsin, amma onun saxlanması və keyfiyyətində problem olsun. Bu da bazara çıxarılan zaman əhalinin sağlamlığına zərərli ola bilər. Reallıq ondan ibarətdir ki, hələ bu məsələ bizdə həll edilməyib. Uzun illərdir bu sahədə problemlər var. Beş il əvvəl biz məsələ qaldırdıq ki, bu məsələ kollegial şəkildə həll edilsin. “Halal” MMC yaradıldı. Bu MMC-nin müəyyən laboratoriyaları vardı və s. Yeddi müəssisəyə kollegial və şəffaf şəkildə sertifikat verildi. Ancaq bununla bərabər, Azərbaycanda 80 faiz mallar, o cümlədən, xaricdən gətirilən mallar halal deyil. Ümumiyyətlə, məhsulun halal olub-olmadığını müəyyən etmək çox çətin olacaq. Bunun üçün İslam Əməkdaşlıq Təşkilatının direktiv sənədləri öyrənilməlidir. Ən başlıcası, burada pul amili olmamalıdır. Halal standartı ilə bağlı bütün tələblər yerinə yetirilməlidir. Ortada şəffaflıq olmalıdır. O qədər də real hesab etmirəm ki, Qida Təhlükəsizliyi Agentliyi bunun öhdəsindən gəlsin. İctimai nəzarət olmadan bu, çətin məsələdir”.
Vidadi ORDAHALLI