Hazırda Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayon ərazisində qəzalı və yaşayış üçün təhlükəli vəziyyətdəki obyektlərdə 8485 məcburi köçkün ailəsi müvəqqəti məskunlaşıb. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində keçirilən kollegiya iclasında bildirilib.
Təkcə Abşeron rayonunda 1, Sumqayıtda 2, Bakıda 18 qəzalı vəziyyətdə olan yataqxana və tədris korpusunda məcburi köçkün statusu olmayan 655 ailə və ya 2.032 nəfər məskunlaşıb. Bu da, ümumilikdə, həmin obyektlərdə məskunlaşanların 37 faizini təşkil edir. Dövlət Komitəsinin yerli sektor və nümayəndəliklərinə tapşırılıb ki, belə halların vaxtında aşkarlanması və təxirəsalınmaz tədbirlər görülməsi üçün komitəyə məlumat versinlər və yerli icra hakimiyyəti orqanları ilə birlikdə müvafiq tədbirlər görsünlər.
Məlumdur ki, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mütəmadi olaraq işlər görülür. Prezident İlham Əliyevin sərəncam və fərmanlarına əsasən, məcburi köçkünlər üçün ölkənin müxtəlif ərazilərində qaçqın şəhərcikləri salınır, binalar inşa olunur. Bu yaxınlarda bir qrup məcburi köçkünün sosial həyatının, mənzil şəraitinin yaxşılaşması üçün onlara evlərin açarları təqdim olunmuşdu.
İlqar Hüseynli: “8500-ə yaxın məcburi köçkünün hələ də yaşayış üçün uyğun olmayan obyektlərdə yaşaması təəssüf doğurur”
Məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşması istiqamətində işlərin görülməsinə baxmayaraq, hələ də 8485 məcburi köçkünün yaşayış üçün təhlükəli vəziyyətdə olan obyektlərdə məskunlaşması barədə fikir bildirən sosial sahə üzrə ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Ermənistan silahlı qüvvələrinin ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olundu. Nəticədə 1 milyona yaxın vətəndaş məcburi köçkün həyatı yaşamağa məcburdur: “Məlumdur ki, son 25 ildə qaçqın və məcburi köçkünlərin sayı artıb. O dönəmdə evlərindən didərgin düşən azyaşlılar bu gün ailə sahibidirlər. Bu səbəbdən də məcburi köçkün ailələrinin sayı artır”.
Həmsöhbətimizin sözlərinə görə, məcburi köçkünlər üçün mənzil bölgüsü fərd olaraq deyil, ailələrin sayına görə aparılır: “Etiraf etmək lazımdır ki, məcburi köçkünlərin mənzil-məişət problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq, mütəmadi olaraq yaşayış kompleksləri salınaraq istifadəyə verilir. Hər il bu istiqamətdə ciddi addımlar atılır. Bu sahədə işlər görülməsinə baxmayaraq, 8500-ə yaxın məcburi köçkünün hələ də yaşayış üçün uyğun olmayan obyektlərdə yaşaması təəssüf doğurur. Yaxın müddət ərzində yaşayş üçün uyğun olmayan obyekt və ya mənzillərdə yaşayan məcburi köçkünlərin hər biri onlar üçün tikiləcək binalara köçürüləcək”.
Günel CƏLİLOVA