Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi artıq 2 ildir əmək münasibətlərinin tənzimlənməsi sahəsində fəaliyyət göstərir.
Qurumun yaydığı məlumata görə, bu dövr ərzində mərkəz tərəfindən tikinti obyektlərində əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı 128 monitorinq həyata keçirilib. Monitorinqlər zamanı 1115 nəfərin əmək və ya xidməti (mülki) müqavilə olmadan işə cəlb edildiyi aşkar edilib. Yoxlanmış işçilərin 268 hüquqi və fiziki şəxsi təmsil etdiyi müəyyən edilib. Əmək və ya xidməti müqavilə olmadan işçi cəlb edən işəgötürənlərdən 79-u üzrə inzibati cərimə və ya maliyyə sanksiyası tətbiq edilib, 3 işəgötürən üzrə əməldə isə cinayət tərkibinin olması müəyyən edilib və müxtəlif cəza və cərimə tədbirləri həyata keçirilib. Qeydə alınmış pozuntu halları üzrə, ümumilikdə, 1.25 milyon manat məbləğində cərimə və sanksiya tətbiq edilib.
Qurumdan o da bildirilib ki, monitorinqlər keçirilməyə başlandığı dövrdə çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan işçilərin 40 faizi rəsmi qeydiyyat olmadan çalışırdısa, hazırda bu göstərici 10 faizə qədər azalıb.
O da məlumdur ki, Azərbaycanda çoxsaylı tikinti şirkəti fəaliyyət göstərir. Onların böyük hissəsi əsasən Bakıda tikinti fəaliyyəti ilə məşğuldur. Bununla belə, işçilərin əsasən tikinti şirkətlərində müqaviləsiz işlədilməsi heç kəsə sirr deyil. Bu sahədə sözügedən problemlər iki ildə zaman-zaman gündəmə gəlib. Əsasən də podratçı tikinti şirkətləri işçiləri müqaviləsiz işlədir. Ölkədə böyük tikinti işlərinin aparıldığını, burada on minlərlə işçinin çalışdığını nəzərə alsaq, son iki ildə yalnız 1115 nəfərin əmək müqaviləsi olmadan işə cəlb olunması nə dərəcədə real rəqəmdir? Əslində, tikinti sektorunda müqaviləsiz işləyənlərin sayı nə qədərdir?
Sahib Məmmədov: “Gizli qeyri-rəsmi əmək bazarının əsas iştirakçıları məhz sözügedən sektordadır və bu problem qalmaqda davam edir”
Məsələyə münasibət bildirən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədovun sözlərinə görə, reallıqda tikinti şirkətlərində müqaviləsiz işləyənlərin sayı dəfələrlə çoxdur: “Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə pilot layihə olaraq tapşırılan yer yalnız Bakı şəhəridir. Ona görə də aparılan monitorinq bütün respublikanı əhatə etmir. O da var ki, tikinti şirkətlərinin çoxu paytaxtda fəaliyyət göstərir. Bütün hallarda, bu o demək deyil ki, müqaviləsiz çalışan işçilər çox deyil. Sadəcə, bunların müəyyən etdiyi işçilərin sayı 1115 nəfər olub. Tikintidə müqaviləsiz işlədilən işçilərin sayı deyilən qədər deyil. Bu günün özündə də sözügedən problem qalmaqdadır. Baxmayaraq ki, dəfələrlə bu problem aktuallaşıb. Yəni reallıqda tikinti sektorunda çalışan işçilərin yarıdan çoxu müqaviləsiz işlədilir. Bir neçə il bundan əvvəl biz müəyyən etmişdik ki, cəmi tikinti sahəsində əmək müqaviləsi olanların sayı ölkə üzrə 15 min nəfəri keçmir. Halbuki, bütün ölkə üzrə güclü tikinti gedirdi. Özü də yalnız bina tikintisi yox, ümumiyyətlə, bütün tikinti sektorunda iş gedirdi. İndi həmin rəqəmlər dəyişə bilər, amma yenə də gizli qeyri-rəsmi əmək bazarının əsas iştirakçıları məhz tikinti sektorundadır və bu problem qalmaqda davam edir. Bir məqamı da qeyd edim ki, Dövlət Əmək Müfəttişliyinin bununla bağlı yoxlama aparmaq səlahiyyəti yoxdur. Bu onlara qadağan edilib. DƏM yalnız monitorinq keçirir və fiksə edəndə də özləri yox, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vasitəsilə onların məsuliyyət məsələsini qaldıra bilir”.
Vidadi ORDAHALLI