Vaxtaşırı müəyyən kampaniyalar aparılsa da, Bakının küçələrində sahibsiz heyvanların sayı azalmır. Əksinə, şəhərin müxtəlif ərazilərindən sakinlərin şikayət dolu müraciətləri davam edir. Sahibsiz heyvanlara nəzarətin tətbiq olunması üçün müəyyən layihələr, mexanizmlər təklif olunub. Lakin bu günə kimi bu sahədə problem tam həll olunmayıb.
Məlum olduğu kimi, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nı təsdiq edib. Proqramda bir sıra məsələlər qeyd olunub. O cümlədən, sahibsiz heyvanlara nəzarət mexanizminin yaradılması qərara alınıb. Proqramda qeyd olunub ki, Qida Təhlükəsizliyi Agentliyi ilə yanaşı, Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyəti orqanları, qeyri-hökumət təşkilatları nəzarət mexanizmi yaratma prosesini 2020-ci ilə qədər həyata keçirəcək.
Vüsalə Ali: “Sahibsiz heyvanların sağlamlığına nəzarət mexanizmi yaradılarsa, ölkədə sahibsiz və xəstə heyvanların sayı azalar”
Azərbaycanda sahibsiz heyvanların sağlamlığına nəzarət mexanizmi yaradılmasının əhəmiyyəti barəsində danışan ekspert Vüsalə Ali “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu gün ölkədə sahibsiz heyvanların sayı yetərincədir. Təbii ki, sahibsiz heyvanların sağlamlıq vəziyyəti də narahatlıq doğurur: “Heyvanlarda tək quduzluq xəstəliyi deyil, çoxlu sayda xəstəlik müşahidə olunur. Sahibsiz heyvanlarla maraqlanan qurumların sayı azdır. Eyni zamanda, Azərbaycanda küçə heyvanlarına sahiblənmək istəyən insanların sayı çox azdır. Həmçinin, heyvanların qısırlaşdırılmasında da çox az adam iştirak etmək istəyir. Bəziləri hətta bunun günah olduğunu bildirirlər. Heyvanlar qısırlaşdırıldıqda həm aqressiyası azalır, həm də onların sayı azalır”.
V.Ali onu da vurğuladı ki, sahibsiz heyvanlar üçün olan sığınacaqların sayı da çox azdır. Onlar da könüllülərin şəxsi hesabına qurulan təşkilatlarındır: “Azərbaycanda belə bir mədəniyyət formalaşdırılmalıdır. İnsanlar cins heyvanları almaq əvəzinə, küçədəki heyvanlara sahiblənməlidirlər. Əgər belə olarsa, küçədə sahibsiz heyvan qalmaz. Onu da deyim ki, Azərbaycanda sahibsiz ev heyvanlarına qarşı münasibət yaxşı deyil, ev heyvanlarına sahiblənən əksəriyyət də bunu dəb üçün edir. “Filankəsdə varsa, qoy məndə də olsun” deyə düşünürlər. İnsanlar bəzən heyvanlara oyuncaq məqsədilə yanaşır, oynadıb həvəsləri bitəndən sonra isə atırlar küçəyə”.
Həmsöhbətimizin sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı” qəbul olunub. Həmin dövlət proqramında sahibsiz heyvanlara nəzarət mexanizminin yaradılması məsələsi də qeyd olunub: “Ümid edirəm ki, belə bir mexanizm tətbiq olunandan sonra sahibsiz heyvanlara xüsusi nəzarət ediləcək”.
Günel CƏLİLOVA