“Ermənilər ərazi bütövlüyümüzə, ordumuza qarşı təxribatçı cizgi filmləri çəkib internetə yerləşdirirlər”
Gerçəklik bundan ibarətdir ki, ölkəmizdə yetkin insanlarla yanaşı, uşaq və yeniyetmələr də internet istifadəçisinə çevriliblər. Uşaqların internetdən istifadə edərək daha çox cizgi filmlərinə baxdığını, yeniyetmələrin isə əsasən oyunlar oynadığını güman edirik. Sirr deyil ki, bu gün internet resurslarından yalnız xoşməramlı işlər üçün istifadə edilmir, bu məkanı bir çox cinayətkar qruplaşmalar, beyin yuma işini həyata keçirən xarici təşkilatlar öz “ov” predmetinə çeviriblər.
Araşdırmalar göstərir ki, internetdə uşaqların inkişafına zərər vuran resurslar gündən-günə inkişaf edir, miqyası genişlənir, hədəfi artır. İnternetdə müxtəlif şəbəkələr, forumlar fəaliyyət göstərir və bu forumlarda uşaqları cəlb edən bir sıra məsələlər qoyulur. Uşaqlara qarşı bəzi cinayətkar qrupların qanunsuz çağırışlar etməsi, onları müxtəlif təşkilatlara cəlb etməsi halları mövcuddur.
Ekspertlər təəssüflə qeyd edirlər ki, sosial şəbəkələrin, internet resurslarının mənfi cəhətləri müsbət tərəflərindən daha çoxdur. Ekspertlər qeyd edirlər ki, müxtəlif qara niyyətli qüvvələr uşaqları və yeniyetmələri müxtəlif yollarla aldadırlar. Onlar vurğulayırlar ki, son illər beynəlxalq cinayətkarlıq statistikasına nəzər yetirildikdə məhz insan alveri qurbanlarının sosial şəbəkələr vasitəsilə cəlb edilməsi tendensiyasının artması diqqəti cəlb edir. Ekspertlər onu da vurğulayırlar ki, uşaq və yeniyetmələri narkotik aludəçiliyinə cəlbetmə, müxtəlif zərərli dini cərəyanlara qoşma kimi hallar da mövcuddur.
Onu da qeyd edək ki, uşaqlarımıza qarşı törədilən internet terrorunda ermənilərin rolu da danılmazdır. Ümumiyyətlə, son dövrlər ermənilər bu istiqamətdə daha fəaldır. Onlar Azərbaycan adları ilə müxtəlif forumlar yaradaraq orada uşaqlarımıza müxtəlif psixoloji təzyiqlər göstərirlər. Onu da qeyd edək ki, bir müddət əvvəl ermənilər Azərbaycan Ordusu əleyhinə cizgi filmi də çəkiblər, özü də Azərbaycan dilində. Bu cizgi filmində Azərbaycan əsgərlərini “qorxaq”, erməni əsgərlərini isə “cəsur” kimi təqdim ediblər. Bu cizgi filmi ilə ermənilər Azərbaycan uşaqlarına qarşı təxribat həyata keçirirlər. Bundan başqa da ermənilər Azərbaycan əsgərinə qarşı əlavə videoroliklər də çəkirlər. Görülən bütün işlərin hədəfi Azərbaycan uşağını təsir altına salmaq və onlara psixoloji zərbə vurmaqdır. Onu da deyək ki, bu məsələdə erməni aktyor, satirik Vardan Petrosyan xüsusilə canfəşanlıq göstərir. Bu məqamlar ermənilərin çəkdiyi “Kill Dim” cizgi filminin montaj olunmuş variantında verilir.
Qeyd edək ki, artıq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də xarici dövlətlər tərəfindən yaradılmış qapalı internet forumlarda azərbaycanlı uşaqlara qanunsuz çağırışlar edildiyini açıqlayıb. Komitədən bildirilib ki, EMO hərəkatı, satanizm ən bariz nümunələrdir və bunlarla mübarizə gücləndirilməlidir.
Azərbaycanda transmilli cinayətkarlıqla mübarizə işinin daha gücləndiriləcəyini deyən komitə rəsmiləri hər kəsin bu hala qarşı mübarizə aparmalı olduğunu qeyd edirlər.
“Müxtəlif qeyri-ənənəvi sektaların fəallığı da sirr deyil”
Tanınmış uşaq yazıçısı Sevinc Nuruqızı hesab edir ki, müxtəlif maarifləndirici tədbirlər həyata keçirməklə internet vasitəsilə uşaqlarımıza qarşı yönələn zərərli çağırışların qarşısını almaqda gecikməməliyik. “Bu gün çox təəssüf ki, internet vasitəsilə uşaqlarımıza qarşı müxtəlif istiqamətdə təxribatçı çağırışlar barədə məlumatlar alırıq. Şübhəsiz ki, burada ermənilərin də göstərdiyi fəaliyyəti nəzərə almalıyıq. Bilirsiniz ki, Azərbaycanı istəməyən qara qüvvələr, müxtəlif cinayətkar qruplar uşaqlarımızı hədəf seçiblər. Bu da ondan irəli gəlir ki, onlar Azərbaycan uşaqlarının sağlam inkişafını istəmirlər. Bizim uşaq və yeniyetmələr çox aktiv şəkildə internetdən istifadə edirlər. Bəzən valideyn nəzarəti olmur, bu halda uşaqlar müxtəlif “dost”ların toruna doğru irəliləyirlər. Əlbəttə, biz bu halın qarşısını almaq üçün təxirəsalınmaz işlər görməli, maarifçilik işlərini gücləndirməliyik. Bəzi forumlar, internet resurslarında yaradılan şəbəkələr uşaqları “maraqlı oyunlar” təklif etməklə özlərinə cəlb etmək istəyirlər. Müxtəlif qeyri-ənənəvi sektaların fəallığı da sirr deyil, onlar da uşaqlarımızı özlərinə cəlb etməyi hədəf seçiblər. Hətta bəzi sektalar öz zərərli baxışlarını uşaqların beyinlərinə yeritmək istəyirlər. Bunun üçün də onlar müxtəlif oyunlar yaradır, cizgi filmləri çəkir, hekayə və nağıllar təqdim edirlər. Uşaqlarımız isə bunun təhlükəli olduğunu bilmədən ona qarşı gedirlər.
Təəssüf ki, ermənilər bu sahədə də bizə zərbələr vurmağa alışırlar. Ermənilər Azərbaycan əleyhinə, ərazi bütövlüyümüzə, ordumuza qarşı təxribatçı cizgi filmləri çəkib internetə yerləşdirirlər. Uşaqlar da görürlər ki, bu cizgi filmləri Azərbaycan dilindədir, ona baxırlar. Bəzi uşaqlar onun təsirinə düşürlər də. Biz bu sahədə maarifçilik işləri aparmalı, dövlətçiliyimizi, qəhrəman ordumuzu, milli qəhrəmanlarımızı məktəblərdə, sosial şəbəkələrdə daha çox təbliğ etməliyik. Eyni zamanda da Azərbaycan uşağını hədəf seçən bəzi qruplaşmaların, cinayətkar dəstələrin zərərli fəaliyyətləri ilə bağlı uşaqlarımızı maarifləndirməliyik” - deyə S.Nuruqızı vurğuladı.
İradə SARIYEVA