Sosial şəbəkələrdə yayılan məlumata görə, “İnşaatçılar” metrostansiyasının yaxınlığında fəaliyyət göstərən “Bonita” adlı geyim mağazasında erməni mahnısı səsləndirilib. Həmin an lentə alınan video sosial şəbəkələrdə yerləşdirilib. "Bonita"da baş verən hadisəni sosial şəbəkə istifadəçisi, jurnalist Könül Aypara lentə alıb.
Jurnalist bildirib ki, həmin vaxt mağaza əməkdaşlarına irad bildirib. Ancaq onlar müştərinin etirazına əhəmiyyət verməyiblər, hətta onun iradına kobud reaksiya olub. Belə ki, "Bonita"nın əməkdaşları "Onsuz da keyfimiz yoxdur, siz də qanımızı qaraldırsınız" deyərək, jurnalistə cavab veriblər.
Qeyd edək ki, mağazada səsləndirilən "Mi Gna" adlı mahnını Sako adlı erməni müğənni ifa edir. Bəstənin sözləri də Artak Aramyana məxsusdur.
Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində yüzlərlə vətəndaşımızın düşmən tərəfindən əsir götürüldüyü, öldürüldüyü halda, dükanda erməni mahnısının səsləndirilməsi yolverilməzdir.
Məsələni dəqiqləşdirmək üçün “Bonita” geyim mağazalar şəbəkəsi ilə əlaqə saxladıq.
“Hər birimiz azərbaycanlıyıq və vətəndaşlarımıza faydalı olmağa çalışırıq, həmin mahnının səsləndirilməsini isə heç kim istəməzdi”
“Bonita” geyim mağazasından bizə bildirildi ki, dükanda anlaşılmazlıq olub: “Mağazada hər gün səhər saat 09:00-dan axşam 21:00-dək “YouTube” portalı vasitəsilə mahnılar səsləndirilir və avtomatik olaraq yenilənir. Erməni dilini bilmədiyimiz üçün, yenilənən mahnının erməni mahnısı olduğunu anlamamışıq. Bu mahnıları “YouTube” özü tənzimləyir. Burada anlaşılmazlıq yaranıb. Hər birimiz azərbaycanlıyıq və vətəndaşlarımıza faydalı olmağa çalışırıq. Həmin mahnının səsləndirilməsini isə heç kim istəməzdi”.
Mağaza rəsmisi onu da vurğuladı ki, erməni mahnısı səslənməsinə etiraz edənin iradına rəğmən, mahnını dəyişdirməyən əməkdaş işdən çıxarıla bilər: “Əgər xanım mahnının dəyişdirilməsini istəyibsə və əməkdaşımız bunu etməyibsə, həmin şəxsin işinə son verməyə hazırıq. Çünki vətənpərvərlik ruhu oyanmayan biri kollektivimizdə ola bilməz”.
Günel CƏLİLOVA