Azərbaycanda ağırtonnajlı avtomobillərin yüklərinin müəyyən edilmiş standartlara cavab verməməsi gündəmin əsas mövzularından biri olaraq qalmaqdadır. Bu cür avtomobillərə arxadan gələn nəqliyyat vasitələrinə və ya yolun asfalt örtüyünə zərər dəyməməsi üçün həddindən artıq yük yüklənməməli, yükün üzəri qalın əşya ilə örtülməlidir.
Hətta ekspertlər yol qəzalarına yük maşınlarının daha çox səbəb olduğunu bildirirlər. Ağırtonnajlı avtomobillərin apardığı qum, çınqıl, mişar daşları yollara tökülərək digər nəqliyyat vasitələrinin qəza törətməsinə səbəb olur. Bu hal daha çox rayonlararası yollarda müşahidə olunur.
Həmin yollarda əksər sürücülər daşıdığı mişar daşı qırıntılarının, qum, çınqılların üzərini bağlamadığı üçün, yükdan çıxan toz-duman ətrafa yayılır. Eyni zamanda, yolda hərəkətdə olan digər nəqliyyat vasitələrinin sərbəst hərəkətinə mane olur, problem yaradır.
Ağırtonnajlı avtomobillər həqiqətən də yolların tez sıradan çıxmasında müəyyən rol oynayırlar. Ən azından ona görə ki, avtomobil yolları layihələndirilərkən və inşa edilərkən müəyyən buraxıla bilən yükə hesablanır. Amma reallıqda, məsələn, tikinti materialları, daş, sement, çınqıl və s. daşınmasına xidmət edən maşınlar o normaları gözləmirlər. Burada ağırçəkili avtomobillərdən başqa, yol inşaatının texnologiyasına ciddi əməl olunması məsələsi müəyyən qədər sual doğuran bir məqamdır. Həm avtomobil yollarının inşası zamanı texnologiyada buraxıla bilən qüsurlu məqamlar, həm də bəzən qüsurlu inşa olunan yollar ağır avtomobillərlə yüklənib daha tez dağılır. Bu isə dövləti də zərərə salır.
Ərşad Hüseynov: “… icazə verilən normadan həddindən artıq yükləndiyindən və onların yük hissələri bağlı olmadığından…”
Yol təhlükəsizliyi məsələləri üzrə ekspert Ərşad Hüseynov vurğuladı ki, Azərbaycan qanunvericiliyində yüklərin daşınması zamanı onların üzərinin örtülməsi birmənalı olaraq göstərilib: "Əgər yolda hər hansı bir hadisə baş verərsə, bu zaman birbaşa sürücü təqsirkardır. Zərərçəkən avtomobilin icbari sığortası varsa, o zaman ziyanı sığorta ödəyir”
Həmsöhbətimiz onu da vurğuladı ki, ağırtonnajlı yük maşınları nəzərdə tutulmuş, yəni icazə verilən normadan həddindən artıq yükləndiyindən və onların yük hissələri bağlı olmadığından, oradan düşən qum, daş, çınqıl və sair inşaat materialları asfalt örtüyünü çirkləndirir, zədələyir. Yükü normadan artıq olan maşınların sürücüləri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən cərimələnirlər. Yük hissəsi açıq olan maşınların sürücüləri də müəyyən məbləğdə cəriməyə məruz qalırlar.
Günel CƏLİLOVA